×
A
A
A
Sazlamalar

Ekoloq: Şəhər mühitində yaşıllıq sahələrinin artırılması vacibdir

Bakı, 14 avqust, AZƏRTAC

Şəhərlərdə temperatur fərqlərinin yaranmasında yalnız hava şəraiti deyil, tikililərin sıxlığı və hündürlüyü, fasadlarda istifadə olunan materiallar, Günəş şüalarının düşmə istiqaməti, nəqliyyat vasitələri və yaşıl örtüyün xüsusiyyətləri də mühüm rol oynayır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev bildirib.
Onun sözlərinə görə, müxtəlif şəhərlərin coğrafi mövqeyi və şəhərsalma xüsusiyyətləri onların istilik rejiminə təsir edən əsas amillərdəndir. Bakı kimi mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu ərazilərdə hündür və şüşəli binaların tikintisi zamanı Günəş şüalarının düşmə bucağı və istiqaməti nəzərə alınmalıdır. Şüşəli səthlərin şüaları əks etdirməsi, hündür tikililərin isə böyük səthlərə malik olması ayrı-ayrı sahələrdə istiliyin toplanmasına təsir göstərə bilər.
“Günəş şüalarının düşmə bucağı və istiqaməti nəzərə alınmalıdır. Şüşəli binalarda əksolunma nəticəsində yaxınlıqdakı digər binaların və səthlərin əlavə isinməsi də mümkündür. Bütün bunlar temperatur fərqlərinin yaranmasına təsir göstərir”, - deyə Ənvər Əliyev qeyd edib.
Ekoloq şəhərdə avtomobillərin yaratdığı əlavə istiliyin və daxiliyanma mühərriklərindən atmosferə atılan qazların da ümumi istilik şəraitinə təsir göstərən amillər sırasında olduğunu bildirib.
Onun sözlərinə görə, tikililər və yaşıllıqla örtülü sahələr arasında temperatur fərqi günün müxtəlif vaxtlarında dəyişə bilər. Burada Günəş şüalarının düşmə bucağı, binaların qarşılıqlı yerləşməsi, fasadların xüsusiyyətləri və ağac örtüyünün sıxlığı kimi amillər nəzərə alınmalıdır.
“Yaşıllıq olan ərazilərlə binaların üstünlük təşkil etdiyi sahələr arasında 3-5 dərəcəyədək temperatur fərqi yarana bilər. Lakin bu, günün hansı vaxtında ölçülməsindən, şüaların düşmə bucağından və digər amillərdən asılıdır. Bu istiqamətdə konkret tədqiqat aparılmadığı üçün həmin rəqəmləri ümumi göstərici kimi qəbul etmək olmaz”, - deyə şöbə müdiri diqqətə çatdırıb.

İri ağaclar mikroiqlimin formalaşmasına təsir edir

Ənvər Əliyev şəhərlərdə yaşıllaşdırmanın genişləndirilməsinin mikroiqlimin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi vurğulayıb. O, xüsusilə hündür, enliyarpaqlı və geniş kölgə yaradan ağacların əkilməsini məqsədəuyğun hesab edib.
“Böyük ağacların əhatəsində sərinlik dərhal hiss olunur. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının bağında iri çinar ağaclarının yaratdığı mühit buna yaxşı nümunədir. Belə ərazilərdə temperatur fərqi bəzi hallarda 5-6 dərəcəyə qədər çata bilər”, - deyə ekspert bildirib.

O deyib ki, ağacların əkilməsi ilə yanaşı, onların böyüməsi və uzun müddət qorunması üçün də əlverişli şərait yaradılmalıdır. Bunun üçün yaşıllıq sahələrinin düzgün suvarılması, iri ağacların mühafizəsi və onların inkişafına imkan verilməsi vacibdir.
“Yaşıl kütlənin artırılması üçün ağacların fotosintez prosesini daha intensiv aparmasına və daha çox kölgə yaratmasına imkan verilməlidir. Bunun üçün onların su ilə təminatı da düzgün təşkil olunmalıdır”, - deyə Ənvər Əliyev əlavə edib.
Ekoloq yaşıllıq örtüyünün yalnız sahəsinə deyil, keyfiyyətinə və strukturuna da diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iri və kölgə salan ağacların qorunması şəhər ərazilərində daha əlverişli mikroiqlimin yaranmasına kömək edə bilər.
Ənvər Əliyev sanitariya-gigiyenik tələblər baxımından adambaşına 50 kvadratmetr yaşıllıq sahəsinin nəzərdə tutulmasının vacibliyini də qeyd edib.
Beləliklə, şəhərlərdə temperatur şəraitinin yaxşılaşdırılması yalnız yeni yaşıllıq sahələrinin yaradılmasından deyil, mövcud ağac örtüyünün qorunmasından, düzgün ağac seçimi və suvarmadan, eləcə də tikinti zamanı şəhərin mikroiqliminə təsir edən amillərin nəzərə alınmasından asılıdır.

Müəllif - Lalə Minasazova

Ekologiya 2026-08-14 16:23:00