


Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır
Bakı, 14 avqust, AZƏRTAC
Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları təhlil edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Tacikistandakı nümayəndəliyinin yaydığı məlumatda bildirilir.
Tacikistan hökuməti və BMT “Tacikistanda qidalanmanın yaxşılaşdırılması üçün ərzaq sistemlərinin transformasiyası” birgə proqramının Birgə Rəhbər Komitəsinin ikinci iclasını keçirib. İclasda hökumətin, BMT qurumlarının və inkişaf üzrə tərəfdaşlarının nümayəndələri iştirak ediblər. İştirakçılar proqramın icra vəziyyətini nəzərdən keçirib, əldə olunan nəticələri qiymətləndirib və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər.
Proqram əhalinin qidalanmasının yaxşılaşdırılmasına, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına yönəlib. Proqramın istiqamətlərindən biri şəkərlə şirinləşdirilmiş içkilərin vergiyə cəlb olunması ilə bağlı analitik işlərin aparılmasıdır. Həmçinin qidalanma məsələlərini nəzərə almaqla fiskal siyasətin və dövlət investisiyaları ilə bağlı qərarların əsaslandırılması məqsədilə sağlam qidalanmanın əlçatanlığı araşdırılır. Proqram çərçivəsində 2026–2030-cu illər üçün əhalinin qidalanmasının yaxşılaşdırılması üzrə Dövlət Proqramının və Tacikistanın ərzaq sistemləri əsasında qidalanma üzrə Milli Tövsiyələrin hazırlanmasına dəstək göstərilir.
Bundan əlavə, yerli məhsullardan istifadə etməklə məktəblərdə sağlam qidalanma üzrə pilot təşəbbüs həyata keçirilir. İclas zamanı tərəflər sektorlararası koordinasiyanın gücləndirilməsi, yaranan problemlərin həlli və proqramın milli inkişaf prioritetlərinə uyğunluğunun təmin edilməsi ilə bağlı tövsiyələri razılaşdırıblar.
Birgə proqram BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə Birgə Fondu tərəfindən maliyyələşdirilir və Tacikistan hökuməti ilə tərəfdaşlıq çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Uşaq Fondu, Ümumdünya Ərzaq Proqramı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həyata keçirilir.
Proqram, həmçinin institusional potensialın gücləndirilməsinə, siyasətin daha yaxşı əlaqələndirilməsinə və faktlara əsaslanan qərarların təşviqinə yönəlib. Əsasən səhiyyə, kənd təsərrüfatı, təhsil, maliyyə və iqtisadi inkişaf kimi sahələrdə işlər aparılır.
Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır
Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Qazaxıstanda elektrik enerjisinin verilişi bərpa olunur – YENİLƏNİB