


Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb
Berlin, 14 avqust, AZƏRTAC
Almaniya ilə İtaliya arasında miqrasiya məsələsi barədə yeni fikir ayrılığı yaranıb. İtaliya Almaniyanın Dublin Qaydalarına əsasən, ölkəyə geri qaytarmaq istədiyi sığınacaq axtaran üç şəxsi qəbul etməkdən imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzetinin məlumatında bildirilib.
Qəzetin məlumatına əsasən, mübahisənin mərkəzində Almaniyada yaşayan və Avropa İttifaqına İtaliya üzərindən daxil olduğu bildirilən 22 yaşlı Somali vətəndaşı da var. Almaniya tərəfi hesab edir ki, iyunun 12-dən etibarən Dublin Qaydaları çərçivəsində İtaliyaya geri göndərişlər mümkündür. Avropa İttifaqının Miqrasiya və Sığınacaq Paktı məhz həmin gün qüvvəyə minib. Berlinin mövqeyinə görə, Roma müəyyən edilmiş müddətdə sorğuya cavab vermədiyindən geri qəbul üçün razılıq avtomatik verilmiş sayılır.
İtaliya isə bu halların iyunun 12-dən əvvəl yarandığını və yeni qaydaların onlara şamil edilmədiyini bildirir. Romanın mövqeyinə görə, tərəflər köhnə işlərin yenidən hesablanmaması barədə razılığa gəliblər. İtaliya, həmçinin Almaniyadan mümkün kompensasiya tələbini gündəmə gətirib.
Bu mübahisə fonunda Baş nazir Ciorcia Meloni ölkədə miqrasiyaya qarşı sərt mübarizənin davam etdirildiyini açıqlayıb. O, ölkə daxilində sərt mövqe nümayiş etdirir. Ötən gün miqrantların polis müşayiəti altında təyyarəyə mindiyini göstərən video yayımlayaraq, sərhədlərin qorunmasının, təhlükəsizlik, qaydalara hörmət kursunun qətiyyətlə davam etdiriləcəyini bildirib.
Dublin Qaydalarına əsasən, sığınacaq müraciətləri başqa bir Aİ ölkəsinin məsuliyyətində olan on minlərlə qaçqın hazırda Almaniyada yaşayır. 2025-ci ildə Almaniya tərəfdaş dövlətlərə təxminən 35 min 900 köçürmə tələbi təqdim edib ki, bunlardan təxminən 23 min 900-ü təsdiqlənib.
“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib
Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb
“İdman TV” yeni mövsümdə nüfuzlu futbol yarışlarını yayımlayacaq