×
A
A
A
Sazlamalar

İkinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

Bakı, 14 avqust, AZƏRTAC

Ali təhsil müəssisələrinə qəbul imtahanında II ixtisas qrupu üzrə 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan nəticələrinə əsasən II ixtisas qrupu üzrə 600 və daha çox bal toplayan 188 nəfər abituriyent qeydə alınıb. Onlardan 176 nəfəri Azərbaycan, 12 nəfəri isə rus bölməsi üzrə imtahan verənlərdir.
İmtahan nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər müsabiqəyə buraxılır.
Müəyyən ixtisaslar üzrə isə xüsusi tələblər tətbiq olunur. Belə ki, dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində aparılan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
Bundan başqa, marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi, turizm işinin təşkili, mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, nəqliyyatda servis (nəqliyyat növləri üzrə) və digər bəzi ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan, dövlət sifarişi ilə ayrılmış yerlərin müsabiqəsinə isə ümumi balı 200-dən və ikinci mərhələ üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
İkinci ixtisas qrupunda imtahan nəticələrinə görə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı isə 100-dən az olmayan 7983 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Eyni zamanda, ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı isə 50-dən az olmayan 13 min 944 abituriyent də müsabiqədə iştirak hüququ əldə edib.

 

Elm və təhsil 2026-08-14 15:25:00