×
A
A
A
Sazlamalar

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Naxçıvan, 14 avqust, AZƏRTAC
Əcəmi yaradıcılığının şah əsəri, Şərqdə qadın adına ucaldılan ilk türbə Möminə xatun türbəsi bərpa olunur. Xatırlatmaq yerinə düşər ki, türbə 1998-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. 2001-ci ildə isə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikadakı tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi və bərpa-konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Möminə xatun türbəsində görülən işlər də bu proqrama uyğun icra olunur. Yerli və xarici ekspertlər tərəfindən 2023-2025-ci illərdə aparılmış baxış və tədqiqatlar nəticəsində türbədə bərpa və konservasiya işlərinin görülməsi zəruri hesab edilib. Dövlətimizin başçısı ötən il dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov bildirib ki, layihənin davamlı şəkildə həyata keçirilməsi üçün ötən il olduğu kimi, 2026-cı ildə də mühüm maliyyə təminatı yaradılıb. Prezidentin 16 mart 2026-cı il tarixli Sərəncamı ilə Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinin aparılması üçün 9,566 milyon manat vəsait ayrılıb. Cari ildə işlərin davam etdirilməsi məqsədilə Avstriyanın “Ateiler Erich Pummer GmbH” şirkəti ilə müqavilə bağlanılıb. Hazırda Möminə xatun türbəsində bərpa və konservasiya işləri davam etdirilir. İşlər çərçivəsində abidənin bərpası, dam örtüyünün yenidən qurulması, məqbərədə mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, eləcə də drenaj sisteminin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.


Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının dosenti, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qənbərovanın sözlərinə görə, orta əsrlərdə Naxçıvanda şəhərsalma və memarlıq yüksək inkişaf səviyyəsinə çatıb. Həmin dövrdə yaşayıb-yaratmış görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əsərləri 900 ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycan, eləcə də İslam və Şərq memarlığında xüsusi əhəmiyyətini qoruyur.
Əcəmi Naxçıvaninin şah əsərlərindən biri olan Möminə xatun türbəsi memarlıq quruluşu, konstruktiv və riyazi həlləri, zəngin ornamentləri ilə seçilir. Memar öz yaradıcılığında dünya memarlığı üçün nadir sayılan tektonik həllərdən istifadə edib. Türbənin sərdabə hissəsində nervürlü tağların, səthlərində isə mürəkkəb həndəsi ornamentlərin tətbiqi Əcəminin yüksək memarlıq düşüncəsini nümayiş etdirir. Onun Naxçıvanda yaratdığı Cümə məscidi də günbəz və qoşa minarəli baştağ həlləri ilə memarlıq tarixində mühüm yer tutur.
O qeyd edib ki, Əcəmi Naxçıvani İslam memarlığının klassik üslub xüsusiyyətlərini yerli memarlıq və bədii ənənələrlə məharətlə birləşdirərək Naxçıvan memarlıq məktəbinin inkişafına böyük töhfə verib: "Onun yaradıcılığı yalnız Naxçıvan və Azərbaycan üçün deyil, bütövlükdə Şərq memarlığı tarixində mühüm mərhələ təşkil edir.


Bu gün Naxçıvan şəhərinin müasir şəhərsalma prinsiplərinə uyğun yenilənməsi ilə yanaşı, tarixi-mədəni irsin qorunması da xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Möminə xatun türbəsinin bərpası mühüm addımlardan biridir. Abidənin bərpasına ötən illərdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə maliyyə vəsaiti ayrılıb. Görülən işlər türbənin tarixi və memarlıq xüsusiyyətlərinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, Əcəmi Naxçıvaninin irsinin təbliği istiqamətində həyata keçirilən tədbirlər və Möminə xatun kompleksi yaxınlığında böyük memarın abidəsinin ucaldılması onun irsinə verilən yüksək qiymətin göstəricilərindəndir".
"Möminə xatun türbəsinin bərpası və Əcəmi Naxçıvaninin heykəlinin şəhər mərkəzində ucaldılması tarixi irsin qorunması ilə yanaşı, gənc nəsildə memarlıq və mühəndislik sahələrinə marağın artırılmasına da töhfə verə bilər. Əcəmi irsinin müasir şəhər mühiti ilə vəhdətdə təqdim olunması isə Naxçıvanın tarixi-mədəni turizm potensialının genişləndirilməsinə və şəhərin beynəlxalq səviyyədə tanıdılmasına imkan yaradır",- deyə Gülnarə Qənbərova əlavə edib.
Qeyd edək ki, avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvana səfərləri çərçivəsində Möminə xatun türbəsinə gələrək burada aparılan bərpa və konservasiya işləri ilə tanış olublar. Bu, dövlət səviyyəsində Azərbaycan memarlıq irsinin qorunmasına göstərilən diqqətin daha bir nümunəsidir.
Beləliklə, əsrlərdir Naxçıvanın tarixi simasını müəyyənləşdirən Möminə xatun türbəsi bu gün də öz missiyasını davam etdirir – keçmişlə gələcək arasında möhkəm bir körpü yaradır. Əcəmi Naxçıvaninin daşlara həkk etdiyi sənət və zəka nümunəsi bərpa olunaraq yenidən gələcək nəsillərə əmanət edilməkdədir. Bu abidənin qorunması isə yalnız bir türbənin deyil, Azərbaycan memarlıq məktəbinin və milli-mədəni yaddaşımızın qorunması deməkdir.

Müxbir- Nail Əsgərov

Regionlar 2026-08-14 15:12:00

Video