×
A
A
A
Sazlamalar

Lənkəranda sakinlərin su və kanalizasiya ilə bağlı müraciətləri dinlənilib

Bakı, 14 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, tərtib edilmiş qəbul cədvəlinə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov avqustun 14-də Agentliyin 5 saylı Lənkəran-Astara Regional Bölməsinin inzibati binasında Lənkəran şəhəri, Astara, Lerik və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Cəfərzadə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Abidənin önünə tər çiçəklər qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
Daha sonra Zaur Mikayılov vətəndaşların müraciətlərini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması və lildən təmizlənməsi, sel və daşqınlara qarşı mübarizə tədbirlərinin görülməsi, subartezian quyularının təmiri, içməli su təchizatının yaxşılaşdırılması, kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Qaldırılan digər məsələlərin isə araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə nəzarətə götürülməsi barədə tapşırıqlar verilib.
Sakinlər bölgələrdə vətəndaşların qəbulunun keçirilməsi, onların müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdən razılıqlarını ifadə ediblər. Onlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Regionlar 2026-08-14 15:06:00