×
A
A
A
Sazlamalar

Şelli Bransuik: Azərbaycan kosmos, süni intellekt və innovasiyalar sahəsində regional mərkəzə çevrilə bilər – MÜSAHİBƏ

Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycan iqtisadi və texnoloji inkişafının mühüm mərhələsindədir. Ölkədə 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin (IAC 2023), 2024-cü ildə isə COP29-un keçirilməsi onun iki mühüm istiqamət – kosmik sənayenin imkanlarının genişləndirilməsi və daha dayanıqlı gələcəyin formalaşdırılması üzrə müzakirələrin aparıldığı beynəlxalq platforma kimi artan rolunu möhkəmləndirib.
İndi qarşıda duran vəzifə bu beynəlxalq uğurları və qeyd olunan tədbirlər zamanı qurulmuş əlaqələri uzunmüddətli innovasiyalara, investisiyalara və ictimai tərəqqiyə çevirməkdir.
“Space Mindset” konsepsiyasının müəllifi, “SB Global LLC” şirkətinin baş direktoru və təsisçisi, Dünya Biznes Mələkləri İnvestisiya Forumunun (World Business Angels Investment Forum - WBAF) Qlobal Qadın Liderlər Komitəsinin baş katibi Şelli Bransuikin fikirləri onun “IAC 2023” zamanı Bakıda olduğu müddətdə əldə etdiyi təcrübəyə, habelə beynəlxalq kosmik və innovasiya ictimaiyyətindəki daha geniş fəaliyyətinə əsaslanır.
O, AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycanın kosmik iqtisadiyyatının gücləndirilməsi, süni intellektlə Yerin müşahidəsi imkanlarının inteqrasiyası, qlobal səviyyəli kadr potensialının inkişafı, eləcə də milli çağırışların regional və beynəlxalq əhəmiyyətli həllərə çevrilməsi yollarından bəhs edib.
Onun sözlərinə görə, uzunmüddətli liderlik təkcə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərlə deyil, həm də formalaşan bu təkan fonunda ölkənin hansı yeni bazarları, kadr potensialını, tərəfdaşlıqları və imkanları formalaşdıra biləcəyi ilə müəyyən olunacaq.
AZƏRTAC Şelli Bransuiklə müsahibəni təqdim edir.
– Azərbaycan dünyanın aparıcı kosmik ictimaiyyətinin nümayəndələrini bir araya gətirərək 74-cü Beynəlxalq Astronavtika Konqresinə (IAC 2023) uğurla ev sahibliyi edib. Belə tədbirin ölkənin innovasiya ekosisteminə, beynəlxalq tərəfdaşlıqlarına və kosmik sektorun inkişafına uzunmüddətli təsirini necə qiymətləndirirsiniz?
– Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində, Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Astronavtika Federasiyasının birgə seminarında iştirakım, eləcə də Dünya Biznes Mələkləri İnvestisiya Forumunun Qlobal Qadın Liderlər Komitəsi üçün qadın sahibkarlığının gələcəyinə dair təqdimatla çıxış etməyim zamanı Azərbaycanın qlobal kosmik ictimaiyyətin müxtəlif nümayəndələrini bir araya gətirmək imkanına şəxsən şahid oldum.
“IAC 2023”-ün keçirilməsinin uzunmüddətli dəyəri konqresin öz çərçivəsindən xeyli kənara çıxır. Belə miqyaslı tədbir ölkəyə beynəlxalq nüfuz qazandırır, lakin ən böyük səmərə bu nailiyyətlərin davamlı əlaqələrə, investisiyalara, bilik mübadiləsinə və milli kadrlar üçün yeni imkanlara çevrilməsi ilə əldə olunur.
Azərbaycanın innovasiya ekosistemi üçün “IAC 2023” tələbələri, tədqiqatçıları, sahibkarları və biznes nümayəndələrini yeni ideyalar, beynəlxalq təcrübə və potensial tərəfdaşlarla birləşdirən platformaya çevrildi. Konqres, həmçinin göstərdi ki, kosmik iqtisadiyyat yalnız raketlər və peyklərlə məhdudlaşmır. Bu, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verən rabitə, kənd təsərrüfatı, iqlim monitorinqi, nəqliyyat, energetika, süni intellekt və bir çox digər sahələri əhatə edir.
Konqres Azərbaycanın regionlar arasında körpü və qlobal dialoq platforması kimi mövqeyini də möhkəmləndirdi. Növbəti vəzifə iştirakçıları bir araya gətirmək imkanını birgə tədqiqatlar, kommersiya tərəfdaşlıqları, startap təşəbbüsləri, təhsil mübadilələri və uzunmüddətli əməkdaşlıq vasitəsilə ekosistemin davamlı inkişaf potensialına çevirməkdən ibarətdir.
Nəticə etibarilə, “IAC 2023”-ün irsi təkcə konqresdə kimin iştirak etməsi ilə deyil, Azərbaycanın bu istiqamətdə bundan sonra hansı fəaliyyəti davam etdirəcəyi ilə qiymətləndiriləcək. Kadr potensialına investisiya yatırmaqla, sahibkarlığı dəstəkləməklə, sərhədlərarası əməkdaşlığı genişləndirməklə və kosmik imkanları milli prioritetlərlə əlaqələndirməklə Azərbaycan konqresin yaratdığı təkanı uzunmüddətli iqtisadi və ictimai dəyərə çevirə bilər.
– COP29-dan sonra Azərbaycan iqlim innovasiyalarına, təmiz texnologiyalara və dayanıqlı inkişafa daha çox diqqət yetirir. Sizin fikrinizcə, süni intellekt və kosmik texnologiyalar iqlim məqsədlərinə nail olunmasına və Azərbaycan kimi ölkələrdə dayanıqlı iqtisadi artımın təmin edilməsinə necə töhfə verə bilər?
– Süni intellekt və kosmik texnologiyalar birgə tətbiq edildikdə daha səmərəli olur. Peyklər Yer səthi haqqında genişmiqyaslı məlumatların fasiləsiz toplanmasını təmin edir, süni intellekt isə bu böyükhəcmli informasiyanı dövlət qurumları, şirkətlər, fermerlər və yerli icmalar üçün operativ, praktiki həllərə çevirir.
Əsas dəyər müşahidədən anlayışa, anlayışdan qərar qəbuluna, qərarlardan isə fəaliyyətə keçidi təmin edən zəncirin yaradılmasındadır. Azərbaycan üçün belə bir yanaşma iqlimlə bağlı tədbirlərin bir neçə praktiki istiqamətdə gücləndirilməsinə imkan verə bilər.
Yerin müşahidəsi ilə bağlı məlumatlar torpaqdan istifadə edilməsində ortaya çıxan dəyişiklikləri, su ehtiyatlarının mövcudluğunu, torpaqların vəziyyətini, sahilyanı əraziləri və ekosistemləri izləməyə imkan verir. Süni intellektlə birləşdirildikdə bu məlumatlar quraqlıq və daşqınları proqnozlaşdırmağa, ekoloji riskləri müəyyənləşdirməyə, kənd təsərrüfatında məhsuldarlığı artırmağa, sudan və digər təbii ehtiyatlardan daha səmərəli istifadəyə kömək edə bilər.
Kosmik məlumatlar bərpaolunan enerji layihələrinin planlaşdırılmasına da dəstək verə bilər. Belə məlumatlar Günəş və külək elektrik stansiyaları üçün uyğun ərazilərin müəyyənləşdirilməsinə, habelə həyati əhəmiyyət daşıyan infrastrukturun səmərəliliyinə və dayanıqlığına nəzarət edilməsinə kömək edə bilər.
İqtisadi potensial da heç də az əhəmiyyət daşımır. İqlimlə bağlı məlumatlar yalnız dövlət hesabatlarında və ya tədqiqat müəssisələrində qalmamalıdır. Onlar kənd təsərrüfatı, sığorta, logistika, şəhərsalma, energetika və təbii fəlakətlərin nəticələrinin idarə olunması sahələrində yeni məhsul və xidmətlərin, startapların və ixtisaslı iş yerlərinin yaradılması üçün əsas ola bilər.
Beləliklə, iqlim gündəliyinə yatırılan investisiyalar, eyni zamanda, həm ekoloji dayanıqlığın artırılmasına, həm də iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə bilər.
Lakin təkcə məlumat və texnologiyalar kifayət etmir. Azərbaycana, həmçinin məlumatlarla işləmək üçün etibarlı sistemlər, ixtisaslı mütəxəssislər, süni intellektin məsuliyyətli tənzimlənməsi, beynəlxalq əməkdaşlıq və sahibkarlara məlumatları genişmiqyaslı həllərə çevirməyə imkan verən mexanizmlər lazım olacaq.
COP29 iqlim tədbirləri, maliyyələşmə və innovasiyalar arasındakı qarşılıqlı əlaqəyə qlobal diqqəti cəlb etdi. Azərbaycan bu təkandan yararlanaraq süni intellektə əsaslanan kosmik həllərin sınaqdan keçirildiyi regional platformaya çevrilə bilər. Bununla da ölkəniz qabaqcıl texnologiyaların iqlim öhdəliklərini iqtisadiyyat, cəmiyyət və ətraf mühit üçün real, ölçülə bilən müsbət nəticələrə necə transformasiya etdiyini göstərə bilər.
– Azərbaycan rəqəmsal transformasiyaya, startapların inkişafına və innovasiyalar əsasında iqtisadiyyatın şaxələndirilməsinə fəal şəkildə investisiya yatırır. Beynəlxalq təcrübənizə əsaslanaraq, Azərbaycanın regional innovasiya və kosmik iqtisadiyyat mərkəzi kimi mövqeyini möhkəmləndirməsi üçün hansı strateji prioritetləri tövsiyə edərdiniz?
– Azərbaycan rəqəmsal transformasiya, startaplara dəstək və milli kosmik potensialın inkişafına yatırılan investisiyalar sayəsində artıq mühüm baza formalaşdırıb. Növbəti strateji prioritet isə bu istiqamətləri vahid innovasiya sistemində birləşdirmək olmalıdır. Mən bu prosesi “Space Mindset” konsepsiyası – bir-biri ilə əlaqəli üç prioritetə əsaslanan strateji model: bazarların yaradılması, kadrların inkişafı və miqyasın genişləndirilməsi (“Build Markets, Build Talent, Build Scale”) ətrafında qurardım.
Regional liderlik ölkənin beynəlxalq şirkətlərin yerli innovatorlarla əməkdaşlıq etdiyi, yeni həllərin sınaqdan keçirildiyi və qonşu bazarlara tətbiq olunduğu bir məkana çevrilməsindən asılı olacaq. Uğurlu innovasiya mərkəzi yalnız icra edilən proqramların sayı ilə deyil, uzunmüddətli perspektivdə davamlılığı qorunan həllər, şirkətlər, kadrlar və tərəfdaşlıqlarla müəyyən olunur.
Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkə öz coğrafi mövqeyinin üstünlüklərini, rəqəmsal ambisiyalarını, kosmik potensialını və beynəlxalq dialoq platforması kimi çıxış etmək imkanını təkcə regional liderliyə deyil, həm də qlobal əhəmiyyətə yönəlmiş ekosistemdə birləşdirə bilər.

Müəllif - Pərvanə Qafarova

İqtisadiyyat 2026-08-13 20:47:00