


Çəltik sahələrinin dövlət dəstəyi ilə sığortalanması avqustun 20-dək davam edəcək
Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində çəltik sahələrinin sığortalanması davam edir.
Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, fermerlər və təsərrüfat rəhbərləri öz çəltik əkini sahələrini avqustun 20-dək dövlət dəstəyi ilə sığortalaya bilərlər.
Xatırladaq ki, çəltik Azərbaycanda yüzlərlə fermer tərəfindən 10-dan çox rayonda becərilir. Ölkədə çəltik əkin sahələri 5 min hektardan artıqdır.
Ölkəmizdə çəltik əsasən iki regionda – Mərkəzi Aran və Lənkəran-Astara zonalarında becərilir. Çəltik əkinlərinin böyük hissəsi Mərkəzi Aran iqtisadi rayonunun payına düşür. Bu regionda 2900 hektara yaxın çəltik əkilir. Lənkəran-Astara regionunda 1140 hektar, Salyan rayonunda isə 970 hektar sahədə çəltik becərilir.
Ölkəmizdə ən çox çəltik sahəsi olan rayonlar Ucar (1275 hektar), Salyan (972 hektar), Ağdaş (718 hektar) və Lənkəran (662 hektar) rayonlarıdır. Bundan başqa, Zərdabda 380 hektar, Göyçayda 372 hektar, Astarada 306 hektar, Masallıda 179 hektar, Yevlaxda isə 146 hektar sahədə çəltik becərilir.
Xüsusi qulluq tələb edən çəltik sahələri təbiət və digər risklərə qarşı həssasdır. İstənilən təbii fəlakət və digər hadisə çəltik sahəsinə zərər vuraraq məhsulu məhv edə bilər. Bu isə çəltik becərən fermerlərin gəlirlərinə və rifahına ciddi zərbə vura bilər.
41 növ bitki və bitki məhsulunu əhatə edən aqrar sığorta mexanizmi məhz bu risklərdən qorunmağa imkan verir.
Aqrar Sığorta Fondu çəltik sahələrini təbiət hadisələri – dolu, fırtına, qasırğa, sel və subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər çoxsaylı risklərdən sığortalayır.
Sığorta haqqına 50 faiz subsidiya tətbiq edilməsi, yəni sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi nəticəsində fermerlər kiçik məbləğ ödəməklə çəltik sahələrini sığortalaya bilərlər. Belə ki, 1000 manatlıq çəltik məhsulunun sığortalanması Ağdaş rayonunda fermerə cəmi 6 manata, Lənkəranda isə 5,7 manata başa gəlir.
Çəltik üzrə orta məhsuldarlıq və məhsulun qiyməti nəzərə alındıqda, 1 hektar sahədən gözlənilən təqribən 10 min manatlıq çəltik məhsulunu sığortalamaq fermerə 55-60 manata başa gəlir. Bu məbləğ çəltiyin becərilməsi və ona qulluq xərclərindən dəfələrlə aşağıdır.
Xatırladaq ki, Aqrar Sığorta Fondu indiyədək çəltik əkinləri üzrə də ödənişlər həyata keçirib. Belə ki, fond tərəfindən indiyədək 460 hektar çəltik sahəsinə dəymiş zərərlər üzrə ümumilikdə 112 min manat aqrar sığorta ödənişi edilib. Bu ödənişlərin həcmi hər il artır.
Azərbaycanda çəltik əkini sahələrinin dövlət dəstəyi ilə aqrar sığortalanması avqustun 20-dək davam edəcək. Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat rəhbərlərini çəltik sahələrini qorumağa və sərfəli şərtlərlə sığortalamağa çağırır.
Fondun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.
Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb
Çəltik sahələrinin dövlət dəstəyi ilə sığortalanması avqustun 20-dək davam edəcək
Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb