×
A
A
A
Sazlamalar

Qədim Şəmkir şəhər yerində arxeoloji tədqiqatlar və yay məktəbi davam edir

Bakı, 7 avqust, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Şəmkir Arxeoloji Ekspedisiyası çərçivəsində Qədim Şəmkir şəhər yerində aparılan arxeoloji qazıntılar və Bakı Dövlət Universitetinin tarixçi tələbələri üçün təşkil olunan yay arxeoloji məktəbinin fəaliyyəti davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, yay arxeoloji məktəbinin nəzəri proqramı çərçivəsində tələbələr “Rəqəmsal arxeologiya: coğrafi informasiya sistemləri” mövzusunda mühazirə dinləyiblər.
Həmçinin qoruğun direktoru Nurlan Həsənov “Qədim Şəmkir Şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun fəaliyyəti və qarşıda duran perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qoruğun əsas fəaliyyət istiqamətləri, tarixi-mədəni irsin mühafizəsi, ərazidə həyata keçirilən abadlıq və maarifləndirmə işləri, habelə inkişaf perspektivləri barədə məlumat verilib.
Qoruğun əməkdaşı Xəyal Səməndərli isə “Qədim Şəmkir Şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji turizm potensialı” mövzusunda təqdimat edib. Təqdimatda Qədim Şəmkir şəhər yerinin turizm imkanları, arxeoloji irsin ziyarətçilərə təqdim olunması, maarifləndirici marşrutların yaradılması və ərazinin arxeoloji turizm istiqamətində inkişaf perspektivləri diqqətə çatdırılıb.
Yay məktəbində iştirak edən tələbələr mütəxəssislərin rəhbərliyi ilə qazıntı sahəsində aparılan arxeoloji tədqiqatlara cəlb olunublar. Onlar mədəni təbəqələrin mərhələli şəkildə qazılması və təmizlənməsi, torpağın ələnməsi, aşkar edilən arxeoloji materialların müəyyənləşdirilməsi, toplanması, çeşidlənməsi və ilkin sənədləşdirilməsi işlərində fəal iştirak ediblər.
Tələbələr mütəxəssislərin nəzarəti altında təndir yerlərinin, tikili qalıqlarının və döşəmə səthlərinin zədələnmədən açılması və təmizlənməsi prosesində iştirak ediblər. Aşkar edilən obyektlərin planları hazırlanıb, fotoşəkilləri çəkilib, ölçüləri götürülüb və müvafiq sahə sənədlərinə daxil edilib.
Tədqiqatlar zamanı müxtəlif təyinatlı keramika fraqmentləri, dəmir mismar, şüşə parçaları və ox ucluğu aşkar edilib. Tapıntıların yerləşdiyi arxeoloji kontekstlər müəyyənləşdirilib, onların ilkin təsviri hazırlanmış, qeydiyyatı aparılmış və qorunması üçün zəruri tədbirlər görülüb. Tələbələr aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin qazıntı kontekstinə uyğun qeydiyyata alınması, ölçülməsi, nömrələnməsi, sahə sənədlərinə daxil edilməsi və əldə olunan məlumatların sistemləşdirilməsi işlərinə də cəlb olunublar.

Elm və təhsil 2026-08-07 16:50:00