×
A
A
A
Sazlamalar

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Bakı, 7 avqust, AZƏRTAC

Qloballaşma şəraitində Azərbaycan dilinin qorunması ilə bağlı aktual məsələləri müzakirə etmək, uşaq və gənclərin bu istiqamətdə fikir və təkliflərini dinləmək əsas məqsədimizdir.
Bu fikri “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfrans çərçivəsində AZƏRTAC-a açıqlamasında “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov söyləyib. O vurğulayıb ki, konfrans çərçivəsində qloballaşma şəraitində Azərbaycan dilinin qorunması, təhsil və ailə mühitində ana dilinin inkişafı, dövlət dilinin mühafizəsində monitorinq mexanizmlərinin rolu, habelə informasiya məkanında Azərbaycan dilinin saflığının təmin edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılır. Azərbaycan dili xalqımızın milli kimliyini, tarixini və mədəni irsini yaşadan ən mühüm mənəvi dəyərlərdəndir. Qloballaşma və rəqəmsal informasiya axınının sürətlə artdığı müasir dövrdə ana dilinin saflığının qorunması daha da aktuallaşır. Bu baxımdan, dövlət dili normalarına riayət olunması, ədəbi dilin düzgün tətbiqi və gənc nəslin ana dilinə hörmət ruhunda tərbiyə edilməsi Azərbaycan dilinin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır.
Müsahibimiz bildirib ki, tədbirdə ana dilinə mədəni aspektdən də yanaşılır və “Ana dili – milli kimliyin əsas sütunu” mövzusunda panel müzakirəsi keçirilir. Belə təşəbbüslər cəmiyyətdə ana dilinə hörmətin daha da artmasına, xüsusilə gənc nəslin Azərbaycan dilinin saflığının qorunması istiqamətində maarifləndirilməsinə xidmət edir.

Müxbirlər - Tünzalə Zeyvəliyeva, Göyçək Mahmudlu
Fotoqraf - Orxan Kərimov
Videooperator - Vüsal Tağıyev

Elm və təhsil 2026-08-07 18:39:00

Video