×
A
A
A
Sazlamalar

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Berlin, 7 avqust, AZƏRTAC

Almaniyanın Milli Təhlükəsizlik Şurasının Leypsiq-Halle hava limanında baş vermiş hadisə ilə bağlı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya hökumətinin Mətbuat və İnformasiya İdarəsi məlumat yayıb. Məlumata görə, Milli Təhlükəsizlik Şurasının iclası Kansler Fridrix Mertsin sədrliyi ilə telefon formatında baş tutub. İclasda hava limanında baş vermiş hadisə ilə bağlı fikir mübadiləsi aparılıb və mövcud vəziyyət nəzərdən keçirilib. Bildirilib ki, Federal Kansler məsələ ilə bağlı daxili işlər naziri Aleksander Dobrindt və hökumətin digər üzvləri ilə daim əlaqə saxlayır.
Qeyd edək ki, avqustun 4-də aeroportun ərazisində partlayıcı maddə daşıyan dron aşkarlanıb və zərərsizləşdirilib. Eyni zamanda, daha bir şübhəli uçuş aparatı ilə bağlı da araşdırma aparılıb. İnsidentlə əlaqədar hava nəqliyyatında müəyyən fasilələr yaranıb. Almaniyanın daxili işlər naziri hadisəni mümkün “hibrid hücum ssenarisi” kimi qiymətləndirib.
Leypsiq-Halle hava limanı Almaniyanın mühüm yükdaşıma qovşaqlarından biri hesab olunur və NATO-nun logistika əməliyyatları, eləcə də hərbi yüklərin daşınması baxımından strateji əhəmiyyət daşıyır.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2026-08-07 15:25:00