


Antarktida buzlaqları civə mənbəyinə çevrilir
Bakı, 7 avqust, AZƏRTAC
Son iki əsr ərzində Antarktida buzlaqlarında toplanmış civənin Cənub okeanına daxil olması buzlaqların əriməsi səbəbindən əhəmiyyətli dərəcədə artıb.
AZƏRTAC xəbər verir ki, “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunmuş tədqiqatın müəllifləri bu nəticəyə gəliblər.
Tədqiqatçılar Antarktida yarımadası sahillərindəki dib çöküntülərini araşdırıblar. Bu bölgə buzlaqların ən sürətlə əridiyi ərazilərdən biridir. Məlum olub ki, sənaye dövrünün başlanğıcından etibarən burada civənin toplanma sürəti 160 faiz artıb və Antarktida zəhərli metalın saxlandığı məkan olmaqdan çıxaraq onun yeni mənbəyinə çevrilməyə başlayıb. İqlim dəyişikliyi nəticəsində buzlaqlar civəni sərbəst buraxır, daha sonra isə bu, okeana qarışır.
Hesablamalar göstərib ki, buzlaqların əriməsi nəticəsində qurudan okeana daxil olan civənin həcmi 550 faiz, okeanla atmosfer arasında civə mübadiləsinin intensivliyi isə 350 faiz artıb. Bundan əlavə, okean cərəyanları vasitəsilə çirklənmənin daşınması təxminən 400 faiz yüksəlib ki, bu da civənin Antarktidadan xeyli uzaq ərazilərə yayılması riskini artırır.
Tədqiqatın müəllifləri xəbərdarlıq edirlər ki, bu proses dəniz ekosistemlərinə ciddi təsir göstərə bilər. Bakteriyaların təsiri altında civə yüksək toksikliyə malik metilcivəyə çevrilir və qida zəncirində mikroyosunlar və krildən başlayaraq balıqlara, daha sonra isə iri yırtıcılara qədər tədricən toplanır. Alimlərin sözlərinə görə, Antarktidada yaşayan bəzi balıq və köpəkbalığı növlərində civənin konsentrasiyası artıq əvvəlki rekord göstəriciləri və təhlükəsizlik üzrə yol verilən hədləri üstələyib.
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb