×
A
A
A
Sazlamalar

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

Astana, 7 avqust, AZƏRTAC

“Caspian Sea Action Week – 2026” çərçivəsində Aktauda “Bir Xəzər - bir gələcək” adlı birgə elmi sessiya keçirilib.
AZƏRTAC Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sessiyanın əsas tədbiri “Birgə elmi tədqiqatlar: Xəzər dənizinin cari problemlərinin həllinin açarı” adlı dəyirmi masa olub.
Tədbirdə Qazaxıstan və digər Xəzəryanı ölkələrin dövlət qurumlarının, beynəlxalq təşkilatların, aparıcı tədqiqat institutlarının nümayəndələri və mütəxəssislər iştirak ediblər.
Dəyirmi masada Xəzər dənizinin hidrometeoroloji, ekoloji və hidrobioloji tədqiqatlarının cari məsələləri, suların vəziyyətinin monitorinqinə müasir yanaşmalar, biomüxtəlifliyin qorunması, iqlim dəyişikliyinin təsiri və beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
İştirakçılar Xəzər dənizi ekosisteminin qorunmasına və onun davamlı inkişafının təmin edilməsinə yönəlmiş effektiv həllər hazırlamaq üçün region ölkələrinin elmi potensialının birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Dünya 2026-08-07 15:17:00