


ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq
Bakı, 7 avqust, AZƏRTAC
Amerikanın “The Wall Street Journal” (WSJ) nəşrinin məlumatına görə, ABŞ-də 471 təyyarə sentyabrın 10-da qüvvəyə minməsi planlaşdırılan Federal Aviasiya Agentliyinin (FAA) direktivi çərçivəsində icbari yoxlamalardan keçəcək və bu direktiv “Boeing” şirkətinin 737-8, 737-9 və 737-8200 modellərini əhatə edəcək.
AZƏRTAC qəzetin məlumatına istinadla xəbər verir ki, qərar bəzi köhnə “Boeing 737” modellərində ön qapının ətrafındakı gövdəni möhkəmləndirən qayışın strukturunda çatlar aşkar edildikdən sonra verilib.
FAA bildirib ki, direktiv təyyarədəki potensial təhlükəsizlik risklərini aradan qaldırmaq məqsədilə verilib. Agentlik mümkün çatların təyyarənin struktur bütövlüyünə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Bəyanatda təyyarənin gövdə örtüyünün də texniki nəzarətdən keçiriləcəyi qeyd olunub.
“Boeing” şirkəti isə verdiyi açıqlamada 737 modelinin yeni nəsil təyyarələrində də çat problemi aşkar edildikdən sonra zəruri yoxlamaların aparıldığını vurğulayıb.
Bəyanatda qeyd olunur ki, “Boeing” 737 MAX” donanmasında indiyə qədər oxşar problem olmayıb, amma bu təyyarələr də çatların aşkarlandığı modellərlə oxşar dizayn və istehsal proseslərini ehtiva etdiyi üçün ehtiyat tədbiri olaraq yoxlamaya məruz qalacaq.
“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib
Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub
Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir