×
A
A
A
Sazlamalar

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

London, 7 avqust, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-Meksiko ştatında hakim Brayan Bidşayd “Meta” şirkətini uşaqlar üçün yaratdığı təhlükələr barədə ictimaiyyəti kifayət qədər xəbərdar etmədiyinə görə əlavə 567 milyon dollar məbləğində cərimələyib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu qərar əvvəllər eyni iş üzrə təyin edilmiş 375 milyon dollarlıq cəriməyə əlavə olunub. Beləliklə, “Meta” şirkətinin ödəməli olduğu ümumi məbləğ 942 milyon dollara çatıb ki, bu da şirkətə uşaq təhlükəsizliyi ilə bağlı tətbiq olunan ən böyük maliyyə sanksiyası hesab edilir.
Hakim “Meta”nı ictimai narahatlıq yaradan amil kimi qiymətləndirərək, onu havanın çirklənməsinə səbəb olan sənaye müəssisəsi ilə müqayisə edib. Onun sözlərinə görə, şirkətin əsas məhsulu reklam və məzmun olsa da, bunun nəticəsində uşaqların psixoloji zərər görməsi və cinsi istismara məruz qalması aradan qaldırılmalı olan çirklənmədir. Qərara əsasən, əlavə 567 milyon dollar gələcəkdə uşaqlara yönəlmiş zərərlərin qarşısının alınması məqsədilə yaradılacaq xüsusi fonda köçürüləcək.
“Instagram”, “Facebook”, “WhatsApp” və “Threads” platformalarının sahibi olan “Meta” qərarla razılaşmadığını və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət bəyan edib ki, platformalarında istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün ciddi tədbirlər görür, zərərli məzmunun və qanun pozucularının aşkarlanması və silinməsi istiqamətində şəffaf fəaliyyət göstərir. “Meta” yeniyetmələrin onlayn təhlükəsizliyinin qorunması sahəsində gördüyü işləri müdafiə etməyə davam edəcəyini bildirib.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2026-08-07 13:42:00