×
A
A
A
Sazlamalar

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Bakı, 7 avqust, AZƏRTAC

Geosiyasi qeyri-sabitlik, ənənəvi ticarət marşrutları üçün artan risklər və təchizat zəncirlərini şaxələndirmək istəyən bizneslər fonunda Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) strateji əhəmiyyəti artmaqda davam edir. Bu kontekstdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan həmin marşruta təkcə tranzit layihəsi kimi deyil, həm də iqtisadi şaxələndirmə, qeyri-enerji sektorunun inkişafı və Avrasiya logistikasında mövqeyinin möhkəmləndirilməsi vasitəsi kimi baxır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Çinin rəsmi “Sinxua” agentliyinin dərc etdiyi geniş analitik məqalədə yer alıb.
Məqalədə deyilir ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna artan maraq Avrasiyanın dəyişən nəqliyyat xəritəsi ilə bağlıdır. Əvvəllər Asiya ilə Avropa arasında quru yükdaşımalarının əsas hissəsi Rusiyadan, dəniz yükdaşımaları isə Süveyş kanalı və Malakka boğazından keçdiyi halda, Ukrayna böhranı, Yaxın Şərqdəki gərginlik və digər amillər beynəlxalq biznesi aktiv şəkildə alternativ yollar axtarmağa məcbur edib. Orta Dəhliz Çindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçir, sonra Türkiyəyə və Avropaya çatır. Ənənəvi dəniz daşımaları ilə müqayisədə, bu, daha qısa çatdırılma müddətinə imkan verir və şimal marşrutundan fərqli olaraq, sanksiyalara məruz qalmır.
Bu proseslərdə Azərbaycanın mühüm roluna diqqət yetirən agentlik qeyd edib: “Azərbaycan üçün dəhlizin inkişafı struktur baxımından iqtisadi yenidənqurma məqsədlərinə uyğundur. Hakimiyyət orqanları yalnız tranzitdən deyil, həm də liman, anbar, logistika, maliyyə və sığorta xidmətlərindən əldə edilən gəlirləri artırmağa, həmçinin emal sənayesinin inkişafını stimullaşdırmağa ümid edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və azad iqtisadi zonanın yerləşdiyi Ələt rayonu bu strategiyada əsas rol oynayır. Beləliklə, Azərbaycan tranzit yük axınlarını sənayenin inkişafı və investisiya mənbəyinə çevirməyi hədəfləyir”.
Məqalədə qeyd olunur ki, nəqliyyat infrastrukturunun inkişafı dövlət siyasətinin prioriteti olaraq qalır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyəti ildə 15 milyon ton yük və 100.000 TEU-dur. Genişləndirmə proqramı başa çatdıqdan sonra bu rəqəmlər 25 milyon tona və 500.000 TEU-ya qədər arta bilər.
Azərbaycanın uğurları barədə məlumat verən müəllif yazır: “Bakı-Tbilisi-Qars dəmir yolu marşrutun qərb hissəsinin əsas elementidir. 2026-cı ilin iyun ayında modernləşdirilməsi başa çatan bu marşrutun ötürmə qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tona qədər artıb. İnfrastrukturun inkişafı ilə yanaşı, Azərbaycan marşrutun institusional çərçivəsinin təkmilləşdirilməsinə də diqqət yetirir. Ölkə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əlaqələndirilməsində, tarif siyasətinin, nəqliyyat sənədlərinin, gömrük prosedurlarının və rəqəmsal xidmətlərin vahid çərçivəyə salınmasında, o cümlədən vahid pəncərə mexanizminin tətbiqində fəal iştirak edir.
Beləliklə, Azərbaycan coğrafi dəhlizdən funksional mərkəzə keçməyə, Avrasiya nəqliyyat zəncirində nəqliyyat proseslərinin təşkilatçısına və xidmət platformasına çevrilməyə çalışır”.
Məqalənin sonunda qeyd edilir ki, Orta Dəhlizin perspektivləri regional siyasi vəziyyətdən, o cümlədən Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin inkişafından, Ukrayna böhranından və Yaxın Şərqdəki vəziyyətdən asılı olacaq. Müəllif yazır: “Uzunmüddətli perspektivdə marşrutun rəqabət qabiliyyəti təkcə infrastruktur investisiyalarının miqyası ilə deyil, həm də layihədə iştirak edən dövlətlərin öz fəaliyyətlərini səmərəli şəkildə əlaqələndirmək qabiliyyəti ilə müəyyən ediləcək. Bu şəraitdə Azərbaycan Xəzər dənizinin qərb sahilində əsas nəqliyyat-logistika mərkəzi və Avrasiya nəqliyyat şəbəkəsində mühüm bir əlaqələndirici kimi mövqeyini gücləndirməyə çalışır”.

 

İqtisadiyyat 2026-08-07 12:07:00