×
A
A
A
Sazlamalar

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

Bakı, 7 avqust, AZƏRTAC

2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında içməli su təminatının dayanıqlığının artırılması məqsədilə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Proqram çərçivəsində istismar müddəti başa çatmış magistral və paylayıcı su kəmərlərinin yenidən qurulması, nasaz xətlərin dəyişdirilməsi, yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, mövcud sistemlərin müasirləşdirilməsi, subartezian quyularının bərpası, eləcə də alternativ su mənbələrinin istifadəyə cəlb edilməsi nəzərdə tutulur.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında İri Şəhərlərin Su Təchizatı Xidməti AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib.
Qeyd olunub ki, hazırda bir sıra ərazilərdə tikinti-quraşdırma işlərinə başlanılıb və layihələrin icrası təsdiq olunmuş qrafikə uyğun davam etdirilir.
“Su təchizatının etibarlılığının artırılması istiqamətində su itkilərinin aşkarlanması və minimuma endirilməsi, suyun uçot sisteminin təkmilləşdirilməsi, SCADA və IoT texnologiyalarının tətbiqi, həmçinin şəbəkələrin real vaxt rejimində monitorinqinin təşkili də proqramın əsas istiqamətlərindəndir. Hədəf Bakı, Sumqayıt, Xırdalan şəhərləri və 64 yaşayış məntəqəsində içməli su təminatının daha dayanıqlı və müasir infrastruktur əsasında təşkil edilməsidir. Son illərdə əhalinin sayının artması, urbanizasiya prosesinin sürətlənməsi və iqlim dəyişiklikləri içməli suya tələbatı artıraraq mövcud infrastrukturun yüklənməsinə səbəb olub. Bu baxımdan, Dövlət Proqramında magistral və paylayıcı şəbəkələrin yenilənməsi, suötürücü qurğuların bərpası, yeni su anbarlarının tikilməsi, magistral kəmərlərin ötürmə qabiliyyətinin artırılması və alternativ su mənbələrinin istismara verilməsi mühüm tədbirlər kimi müəyyənləşdirilib”, - deyə vurğulanıb.
Xidmətin açıqlamasına əsasən, mövcud su təchizatı infrastrukturunun yenilənməsi ilə yanaşı, su itkilərinin azaldılması istiqamətində texniki tədbirlərlə bərabər inzibati nəzarət də gücləndirilir: “Şəbəkələrdə aparılan monitorinqlər zamanı içməli sudan qanunsuz istifadə halları aşkar edilir, qanunvericiliyin tələblərinə uyğun olaraq qanunsuz qoşulmalar ləğv olunur və müvafiq hüquqi tədbirlər görülür. Bu tədbirlər su itkilərinin azaldılmasına, su ehtiyatlarından səmərəli istifadəyə və istehlakçılar arasında ədalətli bölgünün təmin edilməsinə xidmət edir”.
Qurumdan onu da bildiriblər ki, su təchizatı şəbəkələrində aparılan təmir və yenidənqurma işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil: “Planlı tikinti-quraşdırma, yenidənqurma və təmir-bərpa işləri ilin bütün fəsillərində təsdiq olunmuş qrafik əsasında və ya zərurət yarandıqda həyata keçirilir. Eyni zamanda, su xətlərində baş verən qəzalar zamanı operativ müdaxilə olunaraq nasazlıqlar aradan qaldırılır və istehlakçıların su təchizatının qısa müddətdə bərpası üçün zəruri tədbirlər görülür”.

Müəllif-Vüqar Qurbanoğlu

İqtisadiyyat 2026-08-07 12:02:00