×
A
A
A
Sazlamalar

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Bakı, 7 avqust, AZƏRTAC

Biz Ceyhan limanını Avropadan xam neft və neft məhsullarının idxalı üçün Rotterdama bənzər mərkəzə çevirməyi hədəfləyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar yerli televiziya kanalının efirində bildirib.
Onun sözlərinə görə, bu proses təkcə neft və neft məhsullarının saxlanmasını deyil, həm də neftin qiymətinin müəyyən edildiyi “qara qızıl” ticarət mərkəzinin yaradılmasını nəzərdə tutur.
Türkiyənin enerji naziri qonşu İraqla bağlanan və gələn il Ceyhan limanına 750.000 barel neftin nəqlini nəzərdə tutan müqaviləni bu istiqamətdə atılan mühüm addım adlandırıb. “Əgər İraqın cənubundan Kərkükə neft kəməri çəkilərsə və həmin boru xətti Ceyhana doğru gedən mövcud kəmərlə birləşərsə, təchizat həcmini 2,5 milyon barelə qədər artıra və bununla da ildə 65-70 milyard dollar iqtisadi gəlir əldə edə biləcəyik”, - deyə A. Bayraktar qeyd edib. O, İraqın gündəlik neft hasilatının 4 milyon barel olduğunu diqqətə çatdırıb.
Türkiyəli nazir qlobal neft istehlakının gündə təxminən 103 milyon barel olduğunu qeyd edib. O vurğulayıb: “Bu həcmin təxminən 1,5 faizi Ceyhan vasitəsilə dünya bazarlarına nəql edilə bilər”.
Nazirin sözlərinə görə, “İnkişaf Yolu” nəqliyyat və logistika təşəbbüsünün (İraqın cənubundan Türkiyə sərhədinə və oradan Avropaya - red.) həyata keçirilməsi neft, qaz və elektrik enerjisi də daxil olmaqla energetika ticarətini stimullaşdıra bilər.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2026-08-07 11:07:00