×
A
A
A
Sazlamalar

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Bakı, 7 avqust, AZƏRTAC

Dunay çayında suyun səviyyəsinin olduqca aşağı olması qədim Konstantin körpüsünün təməllərinin bəzi hissələrini üzə çıxarıb və bu, bolqar arxeoloqlarına Roma imperiyasının ən böyük mühəndislik nailiyyətlərindən biri kimi təsvir etdikləri tikilini sənədləşdirmə fürsəti verib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu yay Avropada rekord dərəcədə isti hava dalğalarının ardıcıl baş verməsi qitənin bəzi yerlərində şiddətli quraqlığa səbəb olub, Dunay və Reyn kimi əsas su yollarına təsir edib.
Bolqarıstanın Pleven şəhərindəki Tarix Muzeyinin elmi işçisi Pavel Popov bildirib: “Bu məqam arxeoloqlar üçün son dərəcə dəyərlidir, çünki Dunay çayının altında gizlənmiş obyektləri aşkar etmək çox vaxt çətin olur. Bu, bizə qədim körpünün qalıqlarını sənədləşdirmək və öyrənmək üçün nadir fürsət verir”.
İmperator I Konstantin tərəfindən sifariş edilən və eramızın 328-ci ilində tikilən körpü qədim Ulpia Oescus şəhərini indiki Rumıniya ərazisindəki Sucidava ilə birləşdirirdi. İki kilometrdən çox uzunluğu olan körpü qısaömürlü olsa da, antik dövrün ən uzun tikililərindən biri hesab olunur. Onun eramızın 367-ci ilində dağıdıldığı bildirilir.
Ötən həftə Pleven muzeyinin əməkdaşları Bolqarıstanın şimalındakı Giqen kəndi yaxınlığında görünən körpü qalıqlarının havadan çəkilişini və sənədləşdirilməsini həyata keçiriblər. Tədqiqatçılar körpünün üzə çıxan təməllərinin vəziyyətini qiymətləndirmək üçün dronlardan istifadə ediblər.

Dünya 2026-08-07 11:19:00