×
A
A
A
Sazlamalar

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bakı, 6 avqust, AZƏRTAC

Böyük Britaniya hökuməti və ölkənin antiinhisar orqanı cümə axşamı “Warner Bros. Discovery” şirkətinin “Paramount”u satın alması ilə bağlı sövdələşməni təsdiqləyib. Sövdələşmənin dəyəri 110 milyard dollardır. Bu qərar “Paramount Skydance”in rəhbəri Devid Ellisonun müvafiq təminatlar verməsindən sonra qəbul olunub. Sövdələşmənin başa çatdırılması üçün isə bu işə əsas maneə olan ABŞ ştatlarının razı salınması mütləqdir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, şirkətin baş icraçı direktoru Böyük Britaniyada sifariş edilən proqramlarla bağlı hüquqi baxımdan ən azı beş il müddətinə məcburi öhdəliklər götürüb. O, həmçinin Böyük Britaniyada fəaliyyət göstərən “Channel 5” xəbər kanalının müstəqilliyinin qorunacağına da zəmanət verib.
Bu təminatlar mədəniyyət naziri Liza Nandinin narahatlıqlarını aradan qaldırmaq üçün kifayət edib. O, iyun ayında ABŞ, Çin və digər ölkələrin tənzimləyici qurumlarının sövdələşməni təsdiqləməsinə baxmayaraq, ictimai maraqlar naminə prosesə müdaxilə edə və araşdırma aparılması barədə göstəriş verə biləcəyini bildirmişdi.
Hüquqşünaslar və analitiklər qeyd ediblər ki, müdaxilə ehtimalının gündəmə gətirilməsi, böyük ehtimalla, sövdələşməni tamamilə əngəlləmək məqsədi daşımayıb. Bu addım daha çox “Paramount” şirkətindən müəyyən öhdəliklərin alınmasına yönəlib.
“Paramount” artıq razılaşıb ki, birləşmiş media qrupunun Böyük Britaniyada xətti yayım və tələb üzrə media xidmətləri, o cümlədən “Nickelodeon” və “Cartoon Network” uşaq televiziya kanalları beş il ərzində redaksiya müstəqilliyini qoruyub saxlayacaq.
Hökumət bildirib ki, "Paramount"a məxsus "Channel 5" televiziya kanalı lisenziyasının müddəti bitənədək ictimai yayımçı statusunda fəaliyyətini davam etdirəcək, onun xəbər proqramları isə “CNN International” və “CBS News”dan müstəqil olacaq. Həmçinin “CNN”, “CBS” və “Channel 5”in xəbər arxivləri standart kommersiya şərtləri əsasında vicdanlı lisenziya sahibləri üçün əlçatan olacaq.
“Paramount” ona da razılaşıb ki, bu sövdələşmə Böyük Britaniyada kontent sifariş edən qurumların sayının azalmasına, eləcə də sifariş edilən məzmunun keyfiyyəti və çeşidinin pisləşməsinə səbəb olmayacaq.

Dünya 2026-08-07 07:21:00