


Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Bakı, 6 avqust, AZƏRTAC
Maliyyə Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilmiş nazirlik əməkdaşlarına vəsiqə və medalların təqdim edilməsi mərasimi keçirilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən maliyyə naziri Sahil Babayev bildirib ki, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə fərqlənən Maliyyə Nazirliyinin 10 nəfər əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub, 1 nəfər əməkdaşa isə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.
Nazir göstərilən yüksək etimada görə dövlətimizin başçısına minnətdarlığını ifadə edərək qeyd edib ki, bu təltiflər Prezident İlham Əliyevin dövlət qulluqçularının əməyinə verdiyi yüksək qiymətin, dövlət qulluğunun inkişafına və peşəkar kadr potensialının gücləndirilməsinə göstərdiyi xüsusi diqqət və qayğının növbəti təzahürüdür. S.Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində ölkəmizdə müasir çağırışlara cavab verən dövlət idarəetmə sistemi formalaşdırılıb, dövlət qulluğu sahəsində səmərəli və vahid dövlət siyasəti uğurla həyata keçirilir.
Nazir, həmçinin diqqətə çatdırıb ki, cari dövrədək Maliyyə Nazirliyinin ümumilikdə 115 nəfər əməkdaşı Azərbaycan Respublikasının fəxri adları, orden və medalları ilə təltif olunub.
S.Babayev təltif olunan əməkdaşları təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Daha sonra təltif olunmuş əməkdaşlara vəsiqə və medallar təqdim edilib. Təltif olunanlar fəaliyyətlərinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edərək, bundan sonra da dövlət qulluğunda üzərlərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər.
Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib