×
A
A
A
Sazlamalar

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

Bakı, 6 avqust, AZƏRTAC

Türkiyə ilə Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropaya açılan əsas qapısıdır. Avrasiya məkanında Türkiyə, Azərbaycan və Mərkəzi Asiya xalqları qədər bir-birinə yaxın və qohum xalqlar yoxdur. Bu xalqların ortaq tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və adət-ənənələri əlaqələrin təkcə iqtisadi maraqlara deyil, həm də dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını göstərir. Bu ölkələrin Türk Dövlətləri Təşkilatında birləşməsi də təsadüfi deyil. Regionda həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrin əksəriyyətini bu dövlətlərin hər biri ayrı-ayrılıqda reallaşdıra bilməz.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “365 Gün” Media Qrupunun rəhbəri, siyasi şərhçi Yakub Aslan səsləndirib.
O bildirib ki, Mərkəzi Asiyanın Avropa ilə əlaqələri əsasən Azərbaycan və Türkiyə vasitəsilə təmin olunur.
“İstər Orta Dəhliz üzrə yükdaşımalar, istərsə də Zəngəzur dəhlizi və digər nəqliyyat-tranzit layihələri regionun Avropa ilə inteqrasiyasına geniş imkanlar yaradıb. Bu layihələr qlobal iqtisadi və logistik proseslərə təsir göstərən mühüm mexanizmlər formalaşdırır. Türk Dövlətləri Təşkilatının güclənməsi baxımından da həmin dəhlizlər strateji əhəmiyyət daşıyır. Orta Dəhliz və onun tərkib hissəsi olan Zəngəzur dəhlizi hazırda Avropa üçün xüsusi önəm kəsb edir. İran-ABŞ qarşıdurması cənub, Rusiya-Ukrayna müharibəsi isə şimal istiqamətindəki nəqliyyat marşrutlarını risk altında qoyub. Bu baxımdan Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz və etibarlı ticarət marşrutlarından birinə çevrilib”, - deyə siyasi şərhçi qeyd edib.
Yakub Aslan vurğulayıb ki, mövcud münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq.
“Orta Dəhliz ideyası qədim dövrlərdən mövcud olub. Lakin onun beynəlxalq nəqliyyat marşrutu kimi inkişafı Azərbaycan və Türkiyənin yaratdığı müasir infrastruktur sayəsində mümkün olub. Türkiyədə Bosfor boğazının altından keçən 14,6 kilometrlik Avrasiya avtomobil tuneli və Marmaray dəmir yolu tuneli Asiya ilə Avropanı birləşdirən mühüm layihələrdir. Azərbaycanın reallaşdırdığı Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri isə Orta Dəhlizi daha səmərəli və rəqabətqabiliyyətli marşruta çevirib”, - deyə o bildirib.
Siyasi şərhçinin sözlərinə görə, bu infrastruktur layihələri Asiya ilə Avropa arasında yükdaşımaların həm müddətini, həm də xərclərini əhəmiyyətli dərəcədə azaldır.
“Ən mühüm amillərdən biri də Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində regionda yeni reallıqların formalaşmasıdır. Bu reallıqların əsasını təhlükəsizlik təşkil edir. Azərbaycan öz qələbəsi ilə regionda sülhün, sabitliyin və iqtisadi inkişafın möhkəmlənməsinə mühüm töhfə verib. Bu da nəqliyyat dəhlizlərinin dayanıqlığını artırır və xarici tərəfdaşların onlardan istifadəyə marağını gücləndirir. Bu dəhlizlər uzun illər region dövlətlərinin iqtisadiyyatına böyük töhfə verəcək”, - deyə Yakub Aslan əlavə edib.

İqtisadiyyat 2026-08-06 16:59:00