×
A
A
A
Sazlamalar

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

Bakı, 6 avqust, AZƏRTAC
Peşə təhsili yalnız müəyyən bir sənət öyrətmir, eyni zamanda, insanın əmək bazarında rəqabətqabiliyyətli mütəxəssisə və gələcəkdə uğurlu sahibkara çevrilməsinə imkan yaradır. Bu imkanlardan faydalanan şəxslərdən biri hazırda iki moda evinə rəhbərlik edən modelyer-dərzi Fatimə Həziyevadır. O, əvvəlcə mühasibat və uçot, sonra isə dərzilik ixtisası üzrə peşə təhsili alaraq fərqli sahələrdə qazandığı bilik və bacarıqları bu gün uğurla birləşdirir.
Fatimə Həziyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, hazırda rəhbərlik etdiyi iki moda evindən birində özü fəaliyyət göstərir, digərində isə peşəkar əməkdaşlar çalışırlar. Onun sözlərinə görə, sahibkar kimi qazandığı uğurların əsasını peşə təhsili zamanı əldə etdiyi bilik və bacarıqlar təşkil edir: “Bu, mənim ikinci peşə təhsilimdir. İlk peşə təhsilimi 2017-ci ildə mühasibat və uçot ixtisası üzrə almışam. Həmin ixtisas üzrə beş il maliyyə meneceri kimi çalışaraq təcrübə qazanmışam. Sonra isə uşaqlıqdan maraq göstərdiyim moda sahəsində peşəkar olmaq üçün dərzilik ixtisasını seçdim. Bu gün geriyə baxanda düşünürəm ki, verdiyim hər iki qərar doğru olub. Özümü çox şanslı hesab edirəm. Çünki həm maliyyə, həm də dərzilik üzrə peşə təhsili almışam. Bu gün sahibkaram və bütün maliyyə işlərimi özüm həyata keçirirəm. Moda evinin həm yaradıcı, həm də maliyyə tərəfi mənə yaxşı tanışdır. Heç kimdən asılı olmadan bütün işlərimi idarə edə bilirəm. Bu isə peşə təhsilinin mənə qazandırdığı ən böyük üstünlüklərdən biridir”.
Fatimə Həziyeva qeyd edib ki, cəmiyyətdə peşə təhsilinə münasibətlə bağlı formalaşmış bəzi stereotiplər reallığı əks etdirmir. Onun sözlərinə görə, bəzi gənclər peşə təhsilinə dırnaqarası yanaşsalar da, öz həyat yolu bunun tam əksini göstərir. Müsahibimiz vurğulayıb ki, 30 yaşına qədər qazandığı bütün uğurların əsasında məhz peşə təhsili dayanır və peşə sahibi olan insan hər zaman özünə yol tapa bilir.
Peşə təhsilində müəllimlərinin rolunun danılmaz olduğunu söyləyən həmsöhbətimiz bildirib ki, illər keçməsinə baxmayaraq, müəllimləri ilə əlaqəsini davam etdirir və onlar bu gün də suallarını cavablandırırlar. Müəllimlər yalnız peşə bacarıqları öyrətməyib, eyni zamanda, hər bir tələbəyə fərdi yanaşaraq onun şəxsiyyət kimi formalaşmasına, bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetiriblər.
Fatimə Həmzəyeva da gənclərə dəstək göstərməyə çalışır. O bildirib ki, rəhbərlik etdiyi moda evində tələbələrin istehsalat təcrübəsi keçməsinə şərait yaradır, onların real iş mühitində bilik və bacarıqlarını inkişaf etdirmələrinə dəstək olur. Vaxtilə özünə göstərilən dəstəyi indi gələcəyin mütəxəssislərinə ötürməyi mənəvi borcu hesab edir.
Müsahibimiz xüsusilə gənclərin və qadınların peşə sahibi olmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, müxtəlif təşəbbüslərlə gəncləri motivasiya etməyə çalışır, onların tədbirlərində iştirak edir və hər zaman yanlarında olmağa səy göstərir. Onun fikrincə, qadınların maliyyə baxımından müstəqil olmasında peşə təhsili mühüm rol oynayır və onların öz ayaqları üstündə inamla dayanmasına geniş imkan yaradır.
Sonda gənclərə müraciət edən Fatimə Həziyeva peşə seçərkən cəmiyyətin stereotiplərinə deyil, öz maraq və bacarıqlarına güvənməyin vacibliyini vurğulayıb: “Gənclərə demək istəyirəm ki, özünüzə inanın və seçdiyiniz peşəni sevərək öyrənin. Heç vaxt peşə təhsilini kiçik görməyin. Mən bunun faydasını öz həyatımda görmüşəm. Əminəm ki, əzmlə çalışan hər bir gənc gələcəkdə uğurlu karyera qura və öz hədəflərinə çata bilər”.

Müxbir - Nərmin Muradzadə

Elm və təhsil 2026-08-06 18:42:00