×
A
A
A
Sazlamalar

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Bakı, 6 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə əməkdaşlığı çərçivəsində "Azərbaycanda himayədar ailə mexanizminin effektivliyinin qiymətləndirilməsi və tətbiq səviyyəsinin artırılması" mövzusunda araşdırmaya başlanılır.
Bu barədə AZƏRTAC-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə fokus qrup müzakirələrinin və sorğuların təşkili ilə bağlı görüş keçirilib. Görüş zamanı himayədar ailə sistemi üzrə əhalinin məlumatlılıq səviyyəsi və məlumat mənbələri, himayədar ailə olmağa təsir edən sosial, psixoloji, hüquqi, iqtisadi və inzibati amillər, cəmiyyətdə bu instituta münasibət və mövcud stereotiplər, dövlət tərəfindən təqdim olunan dəstək mexanizmlərinin və institusional xidmətlərin effektivliyi, eləcə də maarifləndirmə tədbirlərinin rolu ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrin və sorğuların nəticələri əsasında himayədar ailə mexanizminin təkmilləşdirilməsi, əhalinin bu sahədə məlumatlılığının artırılması və uşaqların ailə mühitində böyüməsinin təşviqinə yönəlmiş fəaliyyətlərin gücləndirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Cəmiyyət 2026-08-06 17:44:00