


Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək
Bakı, 6 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 9-da rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvanda isə 4 nömrəli tam orta məktəbdə elektron formada təşkil olunacaq.
İmtahan iki növbədə keçiriləcək. Birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 15:00-da başlayacaq. İmtahanın müddəti 2 saat 30 dəqiqə olacaq. Buraxılış rejimi müvafiq olaraq saat 09:45-də və 14:45-də başa çatacaq. Bu vaxtdan sonra imtahan binasına gələn namizədlər imtahana buraxılmayacaqlar.
Namizədlər DİM-in internet saytından imtahana buraxılış vərəqəsini çap etməli, imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini təqdim etməlidirlər. Sənədlərdən hər hansı biri olmadıqda və ya onlar arasında uyğunsuzluq aşkar edildikdə namizəd imtahana buraxılmayacaq.
İmtahanın ikinci mərhələsində iştirak etmək üçün 996 namizəd qeydiyyatdan keçib. Onlardan 360-ı oğlan, 636-sı qızdır. Namizədlərin 831-i Azərbaycan, 165-i isə rus bölməsi üzrə təhsil alıb. İştirakçılardan 426-sı cari ilin, 570-i isə əvvəlki illərin məzunudur. İmtahanda 3 xarici ölkə vətəndaşı da iştirak edəcək.
Bakıda 957, Naxçıvanda isə 39 namizədin imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 12 zal administratoru, 67 zal nəzarətçisi və 11 buraxılış rejimi əməkdaşı cəlb olunub.
İkinci mərhələdə iştirak edəcək 996 nəfərdən 314-ü əvvəlki illərin imtahan nəticələrinə, 682-si isə builki imtahanda məqbul nəticə əldə etdiyinə görə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.
MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır
2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək
Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir