×
A
A
A
Sazlamalar

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan və Türkiyə bir çox məsələlərdə eyni mövqedən çıxış etməklə yanaşı, ayrı-ayrı dövlətlər kimi də həm regionda, həm də dünyada kifayət qədər aktiv xarici siyasət həyata keçirir. Əslində bunu belə başa düşə bilərik: Hər iki dövlətin ikitərəfli münasibətlərdən əlavə, öz xarici siyasət gündəliyi var. Azərbaycan ilə Türkiyənin dövlət başçıları və digər rəsmi nümayəndələri arasında mütəmadi görüşlər keçirilir. Ancaq bu əməkdaşlığın mətbuat və ekspertlər səviyyəsində də geniş şəkildə davam etdirilməsinə ehtiyac var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev söyləyib.
O bildirib ki, Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsini imzaladıqdan sonra xarici siyasətdə bir çox məsələləri koordinasiya edir, müəyyən vəzifə bölgüsü əsasında fəaliyyət göstərir:”Bunun mahiyyəti media və ekspert ictimaiyyətinə də çatdırılmalıdır. Bu gün yekunlaşan “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramının əsas məqsədi Azərbaycanın xarici siyasətində baş verən dəyişiklikləri və yenilikləri Türkiyə mediasının nümayəndələrinə çatdırmaq, onların vasitəsilə həmin ölkənin ictimaiyyətini məlumatlandırmaqdır. Başqa sözlə, məqsəd Azərbaycan haqqında məlumatların yenilənməsini təmin etməkdir”.
Cavid Vəliyev hesab edir ki, Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmasa, məlumatlar zamanla köhnələ bilər. Bu halda isə yeni informasiyalar üçüncü ölkələrin mediasından əldə olunur. “Təbii ki, həmin media orqanları məlumatları öz maraqları və baxış bucaqları çərçivəsində təqdim edir. Buna görə də qarşılıqlı məlumat mübadiləsinə, yeniliklərin operativ şəkildə paylaşılmasına və bunların Türkiyə–Azərbaycan münasibətlərinə təsirinin birgə şərh edilməsinə ehtiyac var. Türkiyə media nümayəndələrinin səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır”,- deyə o əlavə edib.

Cəmiyyət 2026-08-06 15:26:00