


Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH
Bakı, 6 avqust, AZƏRTAC
Tarixdə elə şəhərlər var ki, onların adı təkcə bütöv bir xalqın iradəsini, mübarizəsini və qələbəsini ifadə edir. Laçın məhz belə şəhərlərdən biridir. 26 Avqust – Laçın Şəhəri Günü Azərbaycanın dövlətçilik iradəsinin, tarixi ədalətin bərpasının, Böyük Qayıdışın və qurucu dövlət siyasətinin rəmzinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O qeyd edib ki, 1992-ci il mayın 18-də Laçının işğalı Azərbaycanın müasir tarixinin ən ağır faciələrindən biri oldu. Şuşadan sonra Laçının da düşmən nəzarətinə keçməsi Ermənistanla Qarabağ arasında quru dəhlizinin yaradılmasına səbəb oldu və sonrakı faciələrin başlanğıc nöqtəsinə çevrildi. İşğal dövründə yüzlərlə insan həlak oldu və itkin düşdü, on minlərlə laçınlı doğma yurdundan didərgin salındı, yüzlərlə məktəb, xəstəxana, mədəniyyət müəssisəsi, tarixi abidə dağıdıldı, təbii sərvətlər talan edildi.
“Lakin tarix göstərdi ki, heç bir işğal əbədi olmur. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Həmin gün Azərbaycanın Dövlət Bayrağı yenidən Laçın səmasında dalğalandı və tarixi ədalət bərpa olundu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə avqustunun 26-nın Laçın Şəhəri Günü elan edilməsi də məhz bu tarixi qələbənin dövlət səviyyəsində əbədiləşdirilməsi olub”, - deyə Elnarə Akimova vurğulayıb.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Laçına münasibəti sadəcə dövlət başçısının bölgəyə diqqəti deyil, milli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Dövlətimizin başçısı Laçının gələcəyi barədə danışarkən bu sözləri söyləyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Bu fikir artıq sadəcə vəd deyil, reallıqdır. Çünki Laçın bu gün dünyanın ən sürətlə bərpa olunan şəhərlərindəndir”.
Müsahibimiz diqqətə çatdırıb ki, Prezident azad olunmuş Laçına dəfələrlə səfər edib və hər səfər yeni layihələrin, yeni müəssisələrin, yeni yaşayış məntəqələrinin istifadəyə verilməsi ilə yadda qalıb: “2021-ci ildə Güləbird Su Elektrik Stansiyasının açılışı, Laçın Beynəlxalq Hava Limanının təməlqoyması, 2022-ci ildə Azərbaycan Bayrağının Laçında ucaldılması, 2023-cü ildə Böyük Qayıdışın başlanması, məktəbin, “Həkəri Balıq Təsərrüfatı”nın, sənaye müəssisələrinin açılışı, Zabux sakinləri ilə görüşlər, 2024-cü ildə Sus kəndinin istifadəyə verilməsi və yeni su elektrik stansiyalarının açılışı, 2025-ci ildə Bəylik kəndinin açılışı, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, “Laçın” İstirahət Kompleksinin, tikiş və ayaqqabı fabriklərinin fəaliyyətə başlaması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirilən tarixi Zirvə görüşü, 2026-cı ildə isə “Həkəriçay” su anbarının təməlqoyması və yeni su elektrik stansiyalarının açılışı göstərir ki, Laçın yalnız bərpa edilmir, gələcəyin inkişaf mərkəzinə çevrilir.
Bu gün Laçın yaşıl enerji bölgəsinə çevrilməkdədir. Rayonun elektrik tələbatı bərpaolunan enerji hesabına ödənilir. Laçının nəqliyyat infrastrukturu da tamamilə yenilənir. Kəlbəcər–Laçın avtomobil yolu, çoxsaylı tunellər və körpülər regionun iqtisadi inteqrasiyasını sürətləndirir. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən Laçın Beynəlxalq Hava Limanı isə Azərbaycanın mühəndislik imkanlarının və strateji baxışının növbəti təntənəsidir.
Laçın, eyni zamanda, iqtisadi inkişafın yeni ünvanına çevrilir. Aqro-Sənaye Parkında onlarla müəssisə yaradılır, mebel, ayaqqabı, tikiş fabrikləri fəaliyyətə başlayır, modul ev istehsalı, heyvandarlıq, balıqçılıq və arıçılıq inkişaf etdirilir. “Hoçazfilm” studiyası Qarabağın audiovizual salnaməsini yaradır
Minlərlə keçmiş məcburi köçkün Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə qayıdaraq doğma yurdlarında yaşayır.
“Bu gün Laçın Azərbaycanın qüdrətini, dövlətimizin siyasi iradəsini, xalqımızın yenilməz ruhunu və gələcəyə inamını simvolizə edir. 26 Avqust – Laçın Şəhəri Günü də məhz bu həqiqətin təntənəsidir. Bu gün hər bir azərbaycanlı üçün Laçın təkcə azad edilmiş şəhər deyil, Zəfərin necə inkişafa, inkişafın isə milli qürura çevrildiyinin ən parlaq nümunəsidir. Bu salnamənin müəllifi isə güclü dövlət iradəsi, uzaqgörən siyasət və xalqın sarsılmaz birliyidir”, - deyə E.Akimova fikrini yekunlaşdırıb.