×
A
A
A
Sazlamalar

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

Bakı, 6 avqust, AZƏRTAC

Müasir dövrdə arxeologiya yalnız qazıntılarla məhdudlaşmır. Rəqəmsal texnologiyalar, süni intellekt, beynəlxalq elmi məlumat bazaları və yeni tədqiqat metodları bu sahənin ayrılmaz hissəsinə çevrilir. AMEA Arxeologiya və Antropologiya İnstitutu da bu istiqamətdə fəaliyyətini genişləndirərək rəqəmsal texnologiyaların tətbiqini, elmi potensialın gücləndirilməsini və Azərbaycan arxeologiyasının beynəlxalq elmi məkanda mövqeyinin möhkəmləndirilməsini prioritet məsələlər kimi müəyyənləşdirib.
İnstitutun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov AZƏRTAC-a müsahibəsində bildirib ki, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” elmi müəssisələr qarşısında da yeni vəzifələr qoyur.
Müsahibimizin sözlərinə görə, institutun əsas məqsədlərindən biri arxeologiya və antropologiya sahəsində müasir texnologiyaların tətbiqini genişləndirmək və yerli mütəxəssislərin bu sahədə bilik və bacarıqlarını artırmaqdır. İnstitutda arxeoloq və antropoloqlar üçün praktik təlimlər keçirilir, gənc alimlər xarici elmi mərkəzlərə göndərilir, müasir avadanlıqların alınması istiqamətində iş aparılır. Eyni zamanda, beynəlxalq təcrübənin öyrənilməsi və xarici mütəxəssislərlə əməkdaşlıq bu prosesin mühüm tərkib hissəsidir.
Direktor müavini qeyd edib ki, institutda alimlərin beynəlxalq elmi platformalarda təmsilçiliyinin gücləndirilməsi istiqamətində də iş aparılır. Bu məqsədlə institutun ingilisdilli elmi jurnalı fəaliyyət göstərir. Jurnalda dərc olunan məqalələrə artıq “Web of Science” və “Scopus” bazalarında indeksləşdirilən nəşrlərdə istinadlar edilir.
Pərviz Qasımovun sözlərinə görə, texnoloji yenilənmə ilə yanaşı, dünya arxeologiyasında baş verən metodoloji dəyişikliklərin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
“Müasir akademik mühitdə yalnız elmi sübutlarla təsdiqlənən nəticələrə əsaslanan yanaşmalar daha çox qəbul edilir. Bu baxımdan Azərbaycan alimlərinin beynəlxalq elmi prosesləri yaxından izləməsi və öz tədqiqatlarını müasir metodoloji prinsiplər əsasında qurması vacibdir. Bu yanaşma institutun həyata keçirdiyi layihələrdə də öz əksini tapır”, - deyən alim hazırda rəhbərlik etdiyi əsas layihələrdən birinin Ağdam İmarət Kompleksinin tarixi, arxeoloji və epiqrafik baxımdan kompleks şəkildə öyrənilməsinə həsr olunduğunu söyləyib. O qeyd edib ki, tədqiqatlar kompleksin tarixinin araşdırılması ilə yanaşı, işğal dövründə mədəni irsə vurulan ziyanın elmi şəkildə sənədləşdirilməsini də əhatə edir.
Alimin rəhbərlik etdiyi digər mühüm layihə Ağdam rayonundakı Üzərliktəpə Orta Tunc dövrü yaşayış məskəninin tədqiqidir. Bu yaşayış yeri sahəsinə görə Cənubi Qafqazın ən iri Orta Tunc dövrü abidələrindən biri olmaqla yanaşı, həmin dövr insanların gündəlik həyatı və sosial münasibətlərinin öyrənilməsi üçün zəngin məlumat mənbəyidir.
Müsahibimiz, həmçinin “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda araşdırılmış Son Tunc dövrünə aid kurqanların böyük elmi əhəmiyyət daşıdığını vurğulayıb.
“Radiokarbon tarixləndirmənin müqayisəsi göstərir ki, Orta Tunc dövrünün sonunda Azərbaycanda iki fərqli mədəniyyət daşıyıcıları olub. Bunlardan biri Üzərliktəpə əhalisi, digəri Xocalı-Gədəbəy mədəniyyətinin erkən mərhələsinin daşıyıcıları olub”, - deyə Pərviz Qasımov bildirib. Onun sözlərinə görə, bu mədəni qruplar arasındakı münasibətlərin araşdırılması yalnız Azərbaycanın qədim tarixinin deyil, bütövlükdə Cənubi Qafqazın tarixi inkişaf proseslərinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə aparılan tədqiqatlar Azərbaycanın qədim tarixinin daha dolğun öyrənilməsinə, eyni zamanda, Azərbaycan arxeologiyasının beynəlxalq elmi mühitdə tanıdılmasına və elmi əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək.

Müxbir - Lalə Minasazova

 

Elm və təhsil 2026-08-06 15:08:00