×
A
A
A
Sazlamalar

“Qarabağ” yatağında aparılan tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı davam edir

Bakı, 6 avqust, AZƏRTAC

“Qarabağ” yatağında aparılan tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı hazırda davam edir.
bp şirkətindən AZƏRTAC-a bildirilib ki, yataq haqqında bilgiləri artırmaq, quyuların planlaşdırılması işlərinə və yatağın işlənmə strategiyalarının optimallaşdırmasına kömək məqsədilə bu ilin əvvəlində “Qarabağ” yatağında dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat həyata keçirilib. Tədqiqat 2025-ci ilin dekabrında başlayıb və qrafiki qabaqlayaraq martın ortalarında başa çatıb. Tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı hazırda davam edir.
Bunun ardınca mart ayının ortalarında yataqda yüksəkdəqiqlikli (HR)/ultra yüksəkdəqiqlikli (UHR) seysmik tədqiqat proqramına başlanıb və may ayında işlər başa çatıb. Hazırda əldə olunmuş məlumatların emalı davam edir. Bu tədqiqatda əsas məqsəd quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə yarada biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir.
Əşrəfi-Dan ulduzu-Aypara (ADUA) layihəsi üzrə ilk addım olaraq aprel ayında suyun 20-40 metr dərinliyində ikiölçülü yüksəkdəqiqlikli (HR) seysmik tədqiqat aparılıb. ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edən bu tədqiqatda əsas məqsəd yerin təxminən 1500 metr dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək verməkdir. Tədqiqat yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsinə kömək edəcək.
ADUA blokunda seysmik tədqiqata aid Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı 2025-ci ilin dekabr ayında ictimaiyyətə açıqlanıb və sənədin yekun variantı bu ilin mart ayında dövlət tərəfindən təsdiqlənib.

İqtisadiyyat 2026-08-06 14:34:00