×
A
A
A
Sazlamalar

Politoloq: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu uğurla davam etdirir

Bakı, 6 avqust, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat dəhlizləri artıq təkcə yükdaşımalarının həyata keçirildiyi marşrutlar deyil, həm də dövlətlərin iqtisadi qüdrətini, geosiyasi çəkisini və regional təsir imkanlarını müəyyən edən strateji alətlərə çevrilib. Son illər dünya ticarətində baş verən dəyişikliklər fonunda Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən perspektivli logistika xətlərindən biri kimi ön plana çıxıb. Bu marşrutun inkişafında isə Azərbaycan öz təşəbbüskarlığı, güclü infrastruktur layihələri və uzaqgörən siyasəti ilə aparıcı mövqedə dayanır. Şərqlə Qərbi birləşdirən bu marşrut Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan mühüm nəqliyyat arteriyasıdır. Son illərdə ənənəvi ticarət marşrutlarında yaranan problemlər bu dəhlizin əhəmiyyətini daha da artırıb. Nəticədə beynəlxalq yükdaşımalarında alternativ və etibarlı marşrutlara maraq sürətlə yüksəlir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Əfəndi İbrahimli deyib.
O bildirib ki, Azərbaycan bu yeni reallığı illər öncədən düzgün qiymətləndirərək ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasına böyük investisiyalar yönəldib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi, logistika mərkəzlərinin yaradılması və rəqəmsal gömrük sistemlərinin tətbiqi ölkəmizi regionun əsas tranzit qovşaqlarından birinə çevirib. Artıq Azərbaycan təkcə coğrafi mövqeyinə görə deyil, həm də təqdim etdiyi sürətli, təhlükəsiz və səmərəli logistika imkanlarına görə beynəlxalq tərəfdaşların etimadını qazanır.
“Son dövrlərdə marşrutun daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Xəzər dənizində gəmi donanmasının genişləndirilməsi, limanların ötürücülük qabiliyyətinin artırılması, rəqəmsal yükizləmə sistemlərinin tətbiqi və gömrük prosedurlarının sadələşdirilməsi yükdaşımaların sürətini və səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəldir. Bu islahatlar Orta Dəhlizi beynəlxalq daşıyıcılar üçün daha rəqabətli marşruta çevirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı da bu kontekstdə yeni mərhələyə qədəm qoyub. Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan ilə nəqliyyat-logistika sahəsində imzalanan razılaşmalar, birgə işçi qruplarının fəaliyyəti və qarşılıqlı investisiyalar regionda vahid nəqliyyat məkanının formalaşmasına xidmət edir. Bu əməkdaşlıq yalnız yükdaşımalarını artırmır, həm də iqtisadi inteqrasiyanı, ticarət əlaqələrini və regional sabitliyi möhkəmləndirir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir. Xəzər dənizi üzərindən yaradılan yeni logistika həlləri region ölkələrinin ixrac potensialını artırmaqla yanaşı, Avropa bazarlarına daha sürətli və təhlükəsiz çıxışını təmin edir. Bu isə Azərbaycanı Avrasiya məkanında etibarlı tərəfdaş və əsas tranzit mərkəzi kimi möhkəmləndirir”, - deyə politoloq vurğulayıb.
Ə.İbrahimlinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü nəqliyyat və logistika siyasəti nəticəsində Azərbaycan regional əməkdaşlığın aparıcı təşəbbüskarlarından birinə çevrilib. Ölkəmizin balanslaşdırılmış xarici siyasəti, müasir infrastrukturu və beynəlxalq öhdəliklərə sadiqliyi Orta Dəhlizin inkişafında həlledici rol oynayır. Orta Dəhlizin yüksələn əhəmiyyəti isə Azərbaycanın geoiqtisadi və geosiyasi mövqeyini daha da gücləndirir. Azərbaycanın həyata keçirdiyi strateji layihələr göstərir ki, ölkəmiz yalnız regionun deyil, bütövlükdə Avropa ilə Asiya arasında etibarlı körpü rolunu uğurla davam etdirir və qlobal ticarətin gələcəyinin formalaşmasında mühüm söz sahibidir.

2026-08-06 14:28:00