×
A
A
A
Sazlamalar

BDU-da Afrika üzrə regionşünaslıq ixtisasında kadrlar hazırlanacaq

Bakı, 6 avqust, AZƏRTAC

Yeni tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində bakalavriat səviyyəsində “Regionşünaslıq (Afrika üzrə)” ixtisası üzrə kadr hazırlığına başlanılacaq.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədris prosesi çərçivəsində tələbələr Afrika qitəsinin tarixi, siyasi sistemi, iqtisadi inkişafı, beynəlxalq münasibətləri, regional inteqrasiya prosesləri, mədəniyyəti, etnik və dini müxtəlifliyi, geosiyasi əhəmiyyəti, eləcə də qitənin müasir çağırışları və inkişaf perspektivləri barədə kompleks biliklər əldə edəcəklər. Bununla yanaşı, analitik düşünmə, regional təhlil, diplomatik kommunikasiya, beynəlxalq münasibətlərin qiymətləndirilməsi və tədqiqat aparmaq bacarıqları formalaşdırılacaq.
Azərbaycanın Afrika ölkələri ilə siyasi, iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığının genişləndiyi müasir dövrdə bu ixtisas qlobal prosesləri dərindən anlayan, beynəlxalq əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir.
“Regionşünaslıq (Afrika üzrə)” ixtisasını bitirən məzunlar dövlət qurumlarında, diplomatik xidmətdə, beynəlxalq təşkilatlarda, analitik və tədqiqat mərkəzlərində, ali təhsil və elmi müəssisələrdə, qeyri-hökumət təşkilatlarında, media və kommunikasiya sahəsində, eləcə də Afrika ölkələri ilə əməkdaşlıq edən yerli və xarici şirkətlərdə fəaliyyət göstərə bilərlər. Məzunlar xarici siyasət, beynəlxalq əməkdaşlıq, regional araşdırmalar, layihələrin idarə olunması, xarici iqtisadi əlaqələr və beynəlxalq inkişaf proqramları istiqamətlərində peşəkar karyera qurmaq, həmçinin dövlət və özəl sektorda müxtəlif ekspert və məsləhətçi vəzifələrində çalışmaq imkanı əldə edəcəklər.

Elm və təhsil 2026-08-06 14:12:00