×
A
A
A
Sazlamalar

Azərbaycan İlahiyyat İnstitutu tələbələrinin beynəlxalq “Yay məktəbi” proqramı başa çatıb

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kolleci tələbələrinin Türkiyənin İstanbul şəhərində iştirak etdikləri beynəlxalq “Yay məktəbi” proqramı başa çatıb.
Bu barədə AZƏRTAC-a İlahiyyat İnstitutundan bildirilib.
Proqramın son günündə tələbələr Fatih Sultan Mehmet Vəqf Universitetinin İslam elmləri tarixi üzrə doktorantı Kəramət Muradovun təqdimatında “Şəxsiyyət tipləri analizi: sən kimsən?” mövzusunda keçirilən seminarda iştirak ediblər. Seminarda şəxsiyyət tiplərinin xüsusiyyətləri, fərdlərin özünü tanımasının əhəmiyyəti, fərqli xarakter modellərinin ünsiyyət və komanda fəaliyyətinə təsiri barədə ətraflı məlumat verilib. İştirakçılar daha sonra Türkiyə Diyanət Vəqfinin İslam Araşdırmaları Mərkəzini (İSAM) ziyarət ediblər. Mərkəzin direktor müavini Kamil Yaşaroğlu tələbələrə İSAM-ın fəaliyyəti, elmi-tədqiqat istiqamətləri, zəngin kitabxana fondu və tədqiqatçılar üçün yaratdığı imkanlar haqqında ətraflı təqdimat edib. Proqram çərçivəsində İSAM-da təşkil olunan növbəti seminarda filologiya üzrə fəlsəfə doktoru Tahir Büyükkörükçü “Müasir dövrdə İslam elmləri təhsili: hədəflər, imkanlar və çətinliklər” mövzusunda çıxış edərək, İslam elmləri sahəsində təhsilin müasir inkişaf istiqamətləri, akademik imkanlar, qarşıda duran çağırışlar və bu sahədə peşəkar kadr hazırlığının əhəmiyyətindən söhbət açıb.
Beynəlxalq “Yay məktəbi”nin bağlanış mərasimində Türkiyə Diyanət Vəqfinin əməkdaşı Fatih Altuntaş yekun nitqi ilə çıxış edib. O, proqram ərzində fəallıq göstərən tələbələri təbrik edib, onların qazandıqları elmi və mədəni təcrübənin gələcək akademik fəaliyyətlərində mühüm rol oynayacağına əminliyini bildirib.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu, Türkiyə Diyanət Vəqfi və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq “Yay məktəbi” iyulun 20-dən avqustun 5-dək olan dövrü əhatə edib. Proqram çərçivəsində tələbələr üçün elmi seminarlar, tarixi-mədəni ekskursiyalar və müxtəlif akademik görüşlər təşkil olunub.

Elm və təhsil 2026-08-06 14:10:00