


Laçındakı balıq təsərrüfatında inkubasiya sisteminin yaradılması planlaşdırılır
Laçın, 6 avqust, AZƏRTAC
Laçında müxtəlif sahələr üzrə müasir təsərrüfatlar yaradılıb. Regionda fəaliyyət göstərən nümunəvi müəssisələrdən biri də “Həkəri Balıq Təsərrüfatı”dır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir avadanlıqlarla təchiz olunan təsərrüfatda balıqların yetişdirilməsi üçün əlverişli şərait yaradılıb və istehsalın genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür.
Ümumi sahəsi 6,84 hektar olan təsərrüfatda hazırda nərə, bölgə və farel balıqları saxlanılır.
“Həkəri Balıq Təsərrüfatı”nın direktoru Salman Tağıyev bildirib ki, təsərrüfatda balıqların saxlanılması və yetişdirilməsi üçün bütün zəruri imkanlar mövcuddur. Onun sözlərinə görə, balıqların bəslənməsində Almaniya, Polşa və Hollandiyadan gətirilən yüksəkkeyfiyyətli yemlərdən istifadə edilir.
“Yetişdirilən farel balıqlarının özünəməxsus dadı və yüksək keyfiyyəti əsasən Həkəri çayının təmiz axar suyundan qaynaqlanır. Axar su balıqların sağlam inkişafına müsbət təsir göstərməklə yanaşı, ətin daha sıx quruluşlu, zəngin və vitaminlərlə daha bol olmasına şərait yaradır. Üç ildir fəaliyyət göstərən təsərrüfat inkişaf mərhələsindədir. Məhsullar ölkənin müxtəlif bölgələrinə göndərilir. Gələcəkdə ixrac imkanlarını genişləndirmək, həmçinin qapalı dövriyyəli sistemin qurulması planlaşdırılır. Yeni sistem balıqların inkubasiyasını və kürü çıxarılmasını həyata keçirməyə, istehsalın davamlılığını təmin etməyə və məhsuldarlığı artırmağa imkan verəcək”, - deyə o diqqətə çatdırıb.
Müxbir - Aydın Yavərzadə
Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb
İmişlidə traktorun altında qalan uşaq ölüb
Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO