


“Astana Hub”ın baş direktoru: Azərbaycanın vençur sənayesində əsas tərəfdaşlardan biri olmasını istəyirik – MÜSAHİBƏ
Bakı, 6 avqust, AZƏRTAC
“Astana Hub” bu gün Mərkəzi Asiyanın ən böyük beynəlxalq startap texnoparkı və Qazaxıstanın rəqəmsal iqtisadiyyatının inkişafında əsas institutlardan biridir.
İnnovasiya ekosisteminin inkişafı, Azərbaycanla əməkdaşlığın perspektivləri və süni intellekt (AI) sahəsində yeni təşəbbüslər barədə AZƏRTAC-a eksklüziv müsahibəsində “Astana Hub”ın baş direktoru Maqjan Madiyev danışıb.

- Bu gün “Astana Hub” təkcə innovasiya klasteri deyil, həm də rəqəmsal iqtisadiyyatın inkişafı üzrə dövlət siyasətinin aləti kimi qiymətləndirilir. Son illərdə onun Qazaxıstan iqtisadiyyatındakı rolu necə dəyişib və yaxın beş il üçün ekosistem qarşısında hansı yeni hədəfləri müəyyənləşdirirsiniz?
- Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə dövlət siyasəti çərçivəsində müxtəlif institutlar, dövlət orqanları və təşkilatlar fəaliyyət göstərir. Onların başlıcası Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyidir. “Astana Hub” isə öz fəaliyyətini özəl bazarın, xüsusilə də informasiya texnologiyaları (İT) sahibkarlığının inkişafına yönəldir. Əsas məqsədimiz startap təsisçilərini dəstəkləməklə ölkənin İT ixracını artırmaqdır.
Dünyanın ən uğurlu rəqəmsal həlləri və “Google”, “Apple”, “Meta”, “Tesla”, “SpaceX” kimi nəhəng şirkətlər məhz özəl təşəbbüskarlar tərəfindən yaradılıb. “Astana Hub” beynəlxalq innovasiya klasteri kimi dünyanın müxtəlif ölkələrindən olan startap təsisçilərini dəstəkləyərək Qazaxıstanın rəqəmsal iqtisadiyyatının inkişafına töhfə verir və ölkəni regionun, eləcə də dünyanın İT sahibkarlığı mərkəzlərindən biri kimi mövqeləndirir.
Bu transformasiyanın nəticələri artıq görünməkdədir. Cari ildə ölkənin İT ixracı tarixdə ilk dəfə olaraq 1,14 milyard ABŞ dollarına çatıb, həmçinin ilk “unikorn” – “Higgsfield” startapı meydana çıxıb. Yaxın üç il üçün məqsədimiz İT ixracını 2 milyard ABŞ dollarına çatdırmaq və “unikorn”ların sayını üçə yüksəltməkdir.
- Bu gün bir çox ölkələr istedadlar, startaplar və vençur kapitalı uğrunda rəqabət aparır. Sizcə, müasir şəraitdə innovasiya ekosisteminin inkişafının ən səmərəli modeli hansıdır və “Astana Hub” qlobal bazarda rəqabət qabiliyyətini qorumaq üçün hansı yeni mexanizmləri tətbiq edir?
- “Astana Hub” müxtəlif alət və mexanizmlərdən ibarət kompleks ekosistemdir. Bunun ən parlaq nümunəsi dünyada analoqu olmayan “alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzidir. “Alem.ai” süni intellekt həllərinin inkişafını istedadların dəstəklənməsi yolu ilə təmin edən şaquli inteqrasiya olunmuş ekosistem kimi fəaliyyət göstərir. Burada süni intellektin populyarlaşdırılması və ilkin tədrisindən başlayaraq dünya səviyyəli mühəndislərin, “data scientist”lərin və proqram təminatı hazırlayan mütəxəssislərin hazırlanmasına qədər bütün mərhələlər əhatə olunur.
Mərkəz, həmçinin yeni tədqiqatyönümlü süni intellekt universitetinin, iri “Big Tech” şirkətlərinin laboratoriyalarının, “unikorn”ların və “AI-driven government” (süni intellektəsaslı dövlət idarəçiliyi – red.) təşəbbüslərinin fəaliyyət göstərdiyi platformaya çevrilib.
Vençur investisiyaları istiqamətində iki əsas struktur fəaliyyət göstərir: vençur fondlarına sərmayə yatıran “Alem Ventures” fondu və birbaşa startaplara investisiya edən “Astana Hub Ventures”. Akselerasiya proqramlarımızı uğurla başa vuran startaplar SAFE (Simple Agreement for Future Equity) müqavilələri əsasında “Astana Hub Ventures”in portfelinə daxil edilir.
“Astana Hub”ın beynəlxalq fəaliyyəti Silikon Vadisində “Silk Road Innovation Hub”, Çində “Khan Tengri Innovation Hub”, Birləşmiş Ərəb Əmirliklərində “Tumar Innovation Hub”, yaxın vaxtlarda isə Malayziyada “Big Sky Southeast Asia” vasitəsilə Cənub-Şərqi Asiya bazarını əhatə edəcək.
Bundan əlavə, “Digital Nomad Visa” və “Digital Nomad Residency” proqramları vasitəsilə xarici İT mütəxəssislərini və onların ailələrini cəlb edirik. Bu proqramlar sadələşdirilmiş viza və yaşayış icazəsi imkanları təqdim etməklə uzunmüddətli məskunlaşma perspektivi yaradır. Bütün bunlar insan kapitalının və startap ekosisteminin inkişafına yönəlmiş geniş təşəbbüslər paketinin tərkib hissəsidir.

- Bu gün süni intellekt texnoloji transformasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilib. “Astana Hub” öz proqramlarını süni intellekt dövrünə necə uyğunlaşdırır? AI-dan başqa, texnoloji startaplar üçün növbəti inkişaf istiqamətlərini hansılar hesab edirsiniz?
- Biz “alem.plus” platformasını hazırlamışıq. Bu platforma süni intellekt startaplarının yaradılması üçün zəruri alətləri bir araya gətirir. Buraya messencerlər və digər kommunikasiya kanallarına qoşulan “OpenClaw” süni intellekt assistenti, “Milvus” vektor verilənlər bazası, biznes proseslərinin avtomatlaşdırılması üçün “n8n” platforması, CI/CD həlləri, proseslərin layihələndirilməsi və monitorinq vasitələri, eləcə də digər çoxsaylı alətlər daxildir.
Eyni zamanda, “alem data” adlı məlumat platformasını inkişaf etdiririk. Burada açıq məlumatların, rezidentlərin və dövlət məlumatlarının bir araya gətirilməsi planlaşdırılır. Əsas diqqət HVD (High-Value Datasets) – yüksək sosial-iqtisadi dəyərə malik məlumatların toplanmasına yönəlib. Bu məlumatlar analitika, süni intellekt modellərinin öyrədilməsi və yeni məhsulların hazırlanması üçün istifadə olunacaq.
Bundan başqa, müxtəlif ölkələrdən olan mütəxəssislərin komandalar yaradaraq sıfırdan miqyaslana bilən AI startapları qurduğu “AI’preneurs” adlı flaqman akselerasiya proqramımız fəaliyyət göstərir. Proqram çərçivəsində indiyədək 1000-dək müraciət qəbul olunub və onların nəticəsində 35 startap yaradılıb.
- Azərbaycan rəqəmsal iqtisadiyyatı fəal şəkildə inkişaf etdirir, innovativ biznes üçün əlverişli mühit formalaşdırır və startaplar sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir. Azərbaycan və Qazaxıstan arasında vahid innovasiya məkanının formalaşdırılması üçün hansı imkanları görürsünüz və hansı birgə layihələr daha perspektivli ola bilər?
- Biz Azərbaycanla rəqəmsal iqtisadiyyat, xüsusilə startap və vençur sənayesinin birgə inkişafı istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıyıq.
2022-ci ildən etibarən Azərbaycandan olan startaplar “Google for Startups” ilə birgə həyata keçirdiyimiz “Silkway Accelerator” proqramında mütəmadi iştirak edirlər. Bunlara “Tripsome”, “Metatesk”, “Voiceloft”, “Tryverse” və “InnMedia” daxildir.
Nümunə kimi Qazaxıstan və Özbəkistan arasında əməkdaşlığı göstərmək istərdim. Biz birlikdə Silikon Vadisi, Şanxay, Dubay və Malayziyadakı beynəlxalq innovasiya hablarını bərabər maliyyələşdirir və inkişaf etdiririk, həmçinin beynəlxalq sərgilərdə “Central Eurasian Innovation Hubs” vahid brendi altında çıxış edirik.
Fürsətdən istifadə edərək azərbaycanlı tərəfdaşları da bu təşəbbüslərə qoşulmağa dəvət edirik. Silikon Vadisində keçirilən “TechCrunch Disrupt” kimi nüfuzlu tədbirlərdə ayrı-ayrı ölkələr deyil, Mərkəzi Avrasiya regionu kimi çıxış etdikdə daha cəlbedici görünürük.
Həmçinin təhsil proqramları üzrə əməkdaşlıq istiqamətində də böyük potensial görürük. Bu format Azərbaycanla münasibətlərdə hələ tam istifadə olunmayıb.

- Azərbaycan və Qazaxıstanın startap ekosistemlərinə daha geniş regional kontekstdə baxdıqda, sizcə, Azərbaycanın artıq hansı rəqabət üstünlükləri var? Ölkənin yaxın illərdə Cənubi Qafqazın texnoloji liderlərindən birinə və beynəlxalq investorlar üçün mühüm tərəfdaşa çevrilməsi üçün hansı addımlar atılmalıdır?
- Azərbaycan güclü və sürətlə inkişaf edən iqtisadiyyata, həmçinin istedadlı gənclərə malikdir. Qazaxıstan üçün Azərbaycan qardaş ölkədir və biz onun vençur sənayesində əsas tərəfdaşlardan birinə çevrilməsini istərdik.
Bu baxımdan Azərbaycan üç mühüm rol oynaya bilər. Birincisi, əlverişli coğrafi mövqeyi sayəsində Avropa və Türkiyə bazarlarına çıxış üçün körpü rolunu oynaya bilər.
İkincisi, ölkədə fəaliyyət göstərən iri milli şirkətlər hesabına regionda korporativ vençur investoru (Corporate Venture Capital – CVC) kimi çıxış edə bilər. Bu şirkətlər startaplara investisiya yatırmaq və onların həllərini öz korporativ biznes proseslərinə inteqrasiya etmək imkanına malikdirlər.
Üçüncüsü, startaplara birbaşa investisiyaları artırmaqla daha fəal vençur oyunçusuna çevrilə bilər.
Biz bu istiqamətdə Azərbaycanla birgə işləməyə hazırıq.
Müxbir - Pərvanə Qafarova
Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib