×
A
A
A
Sazlamalar

Politoloq: Azərbaycan-Qırğızıstan müttəfiqliyi Orta Dəhlizin geosiyasi çəkisini gücləndirən strateji tərəfdaşlığın bariz nümunəsidir

Bakı, 6 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəlməsini təmin etməklə yanaşı, Orta Dəhlizin geosiyasi çəkisini artıran strateji addımdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aydın Tağıyev deyib.
O bildirib ki, səfər zamanı imzalanan müttəfiqlik müqaviləsi Azərbaycan-Qırğızıstan münasibətlərini daha yüksək siyasi müstəviyə qaldıraraq regional əməkdaşlığın və Orta Dəhlizin strateji əhəmiyyətinin möhkəmlənməsinə xidmət edir. Bu sənəd ikitərəfli əlaqələrin institusional əsaslarını gücləndirməklə yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən Orta Dəhlizin beynəlxalq rolunu daha da artırır. Artıq Bakı və Bişkek yalnız ikitərəfli layihələrdə deyil, regional və beynəlxalq məsələlərdə də ortaq mövqedən çıxış edə biləcək: “Hesab edirəm, müttəfiqlik münasibətləri Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlər arasında daha sıx siyasi koordinasiya və iqtisadi əməkdaşlıq üçün əlavə stimul yaradır. Bu, Türk dünyasında inteqrasiyanın dərinləşməsinə xidmət edir. Azərbaycan-Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon dollara çatdırılması birgə layihələrin maliyyələşdirilməsi və özəl sektorun qarşılıqlı investisiyalara cəlb olunması üçün yeni imkanlar açır. Kapitalın artırılması özəl sektorun qarşılıqlı investisiyalara daha geniş miqyasda cəlb olunmasına şərait yaradır və qeyri-neft sahələrində əməkdaşlığın inkişafına yeni imkanlar açır”.
Politoloq qeyd edib ki, iki türk dövlətinin müttəfiqliyi Orta Dəhlizin inkişafına strateji töhfə verir. Qırğızıstan Mərkəzi Asiyanın mühüm dövləti, Azərbaycan isə Xəzər hövzəsi vasitəsilə Avropaya çıxış üçün əsas tranzit halqadır. Bu əməkdaşlıq Orta Dəhlizi sadəcə tranzit marşrutu deyil, daha geniş iqtisadi və geosiyasi bağlantı platformasına çevirir: “Fikrimcə, sərhəd prosedurlarının sadələşdirilməsi, gömrük və rəqəmsal sistemlərin uyğunlaşdırılması, yükdaşımaların sürətləndirilməsi və logistika mərkəzlərinin inkişafı Orta Dəhlizin beynəlxalq rəqabət qabiliyyətini artıracaq. Prezident İlham Əliyevin “Manas” ordeni, Sadır Japarovun isə “Heydər Əliyev” ordeni ilə təltif olunması qarşılıqlı etimadın və türk qardaşlığının ən yüksək səviyyədə olduğunu təsdiqləyir”.
“Dövlət başçısının Qırğızıstana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan artıq yalnız enerji və nəqliyyat layihələrinin iştirakçısı kimi deyil, Avrasiya məkanında müxtəlif regionları birləşdirən strateji bağlantı platformasının aparıcı aktoru kimi çıxış edir. Bu yeni mərhələ Azərbaycanın regional siyasətində həm siyasi, həm də iqtisadi baxımdan dayanıqlı və uzunmüddətli təsir gücünü nümayiş etdirir. Burada Azərbaycanın təşəbbüsləri regionu birləşdirən uzunmüddətli siyasi və iqtisadi körpü funksiyasını daha da gücləndirir”, - deyə A.Tağıyev əlavə edib.

2026-08-06 13:30:00