


Mehmet Gökhan Özçubukçu: Yaşıl enerji diplomatiyası Azərbaycanın geosiyasi çəkisini daha da artırır
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycanın son illərdə həyata keçirdiyi enerji siyasəti artıq yalnız neft və təbii qaz ixracına əsaslanan klassik model kimi qiymətləndirilə bilməz. Bu gün Azərbaycan enerji təhlükəsizliyini xarici siyasətinin əsas elementlərindən birinə çevirərkən, bərpaolunan enerji investisiyaları və yaşıl enerji diplomatiyası vasitəsilə də Avrasiyanın strateji aktorlarından biri mövqeyinə yüksəlir. Rusiya–Ukrayna müharibəsindən sonra Avropanın enerji mənbələrini və marşrutlarını şaxələndirmək istiqamətində həyata keçirdiyi siyasət Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu səsləndirib.
O bildirib ki, Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi yalnız elektrik enerjisinin ötürülməsinə xidmət edən texniki infrastruktur layihəsi deyil, eyni zamanda, Avropa ilə Xəzər hövzəsi arasında yeni strateji əlaqə yaradan mühüm geosiyasi təşəbbüsdür. Bu layihə sayəsində Avropa İttifaqı enerji təchizatını daha təhlükəsiz və daha şaxələndirilmiş mənbələr hesabına təmin etmək imkanı əldə edəcək. Azərbaycan isə təbii qaz ixracatçısı olmaqla yanaşı, bərpaolunan enerji ixrac edən ölkə kimi də ön plana çıxacaq. Bu isə ölkənin Avropa üçün etibarlı enerji tərəfdaşı statusunu daha da möhkəmləndirəcək.
“Azərbaycanın strateji əhəmiyyəti yalnız malik olduğu enerji resursları ilə məhdudlaşmır. Xəzər hövzəsi, xüsusilə dənizüstü külək enerjisi baxımından böyük potensiala malikdir və Azərbaycan bu potensialı regional əməkdaşlıq mexanizmləri vasitəsilə iqtisadi dəyərə çevirməyə çalışır. Qazaxıstan və Özbəkistanla inkişaf etdirilən yaşıl enerji tərəfdaşlığı gələcəkdə Mərkəzi Asiyada istehsal olunacaq elektrik enerjisinin Xəzər üzərindən Avropa bazarlarına çatdırılması üçün yeni imkanlar yaradır. Beləliklə, Azərbaycan Şərqlə Qərb arasında enerji axınlarının idarə olunduğu əsas tranzit ölkələrdən biri kimi mövqeyini daha da möhkəmləndirir. Bu proses Orta Dəhlizin enerji komponentini də əhəmiyyətli dərəcədə gücləndirir. İndiyədək daha çox ticarət və nəqliyyat marşrutu kimi qiymətləndirilən Orta Dəhliz enerji infrastrukturunun inkişafı ilə birlikdə Avrasiyanın yeni geoiqtisadi onurğa sütununa çevrilir. Zəngəzur dəhlizinin reallaşması isə Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsini möhkəmləndirməklə enerji və nəqliyyat şəbəkələrinin inteqrasiyasına mühüm töhfə verəcək. Bu proses yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyasını da sürətləndirəcək", – deyə o bildirib.
Mehmet Gökhan Özçubukçu vurğulayıb ki, Azərbaycan həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, reallaşdırdığı enerji layihələri və çoxtərəfli diplomatiya sayəsində Avropa ilə Mərkəzi Asiya arasında təkcə enerji körpüsü deyil, həm də yeni Avrasiya geosiyasətinin əsas strateji bağlantı mərkəzlərindən birinə çevrilir.
"Qarşıdakı dövrdə enerji diplomatiyası yalnız enerji istehsalı və ixracı üzərində deyil, bağlantılar, nəqliyyat dəhlizləri və regional inteqrasiya prinsipləri əsasında formalaşacaq. Bu baxımdan Azərbaycanın strateji əhəmiyyəti daha da artacaq və ölkə təkcə Cənubi Qafqazın deyil, bütün Avrasiyanın əvəzolunmaz strateji aktorlarından biri kimi mövqeyini daha da möhkəmləndirəcək", – deyə o vurğulayıb.
Müxbir - Səbinə Əlizadə