


“Şəfəq” layihəsi üzrə tikinti işləri gələn ilin ortalarınadək davam edəcək
Bakı, 6 avqust, AZƏRTAC
Bu ilin birinci yarısında “Şəfəq” Günəş layihəsi üzrə tikinti işləri Cəbrayıl rayonunda yerləşən layihə sahəsində irəliləyib.
bp şirkətindən AZƏRTAC-a bildirilib ki, fotovoltaik modullar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb, payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə ciddi irəliləyiş əldə olunub. İlk elektrik avadanlığı daşımaları artıq sahəyə çatdırılıb ki, bu da növbəti həftələrdə elektrik quraşdırma fəaliyyətlərinin başlanmasına imkan verir.
Aprel ayının əvvəlində layihə sahəsində ilk Günəş panelinin quraşdırılması ilə mühüm mərhələ əldə olunub.
Layihə üzrə tikinti işlərində yerli resurslardan istifadə artmaqda davam edir. Hazırda layihəyə təxminən 420 yerli işçi cəlb olunub ki, bunların 150-si işğaldan azad olunmuş ərazilərdə yeni məskunlaşan sakinlərdir. Tikintinin pik dövründə layihədə 700-dən çox iş yerinin yaradılacağı gözlənilir və bu artan işçi qüvvəsinin yerləşdirilməsi üçün sahədəki mövcud yaşayış blokları hazırda genişləndirilməkdədir.
Ətraf mühitin qorunması layihənin əsas diqqət mərkəzində qalmaqdadır, o cümlədən tikinti sahəsinin bitki örtüyündən təmizlənməsi işlərinin monitorinqi aparılır və vəhşi heyvanların sahədən təhlükəsiz şəkildə köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqələndirilərək həyata keçirilir.
Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır.
“Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətində iştirak payları belədir: bp (40,01%), “SOCAR Green” (39,99%), Azərbaycan Biznesinin İnkişafı Fondu (10%) və “MVM” (10%).
Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib