×
A
A
A
Sazlamalar

Altı ayda Səngəçal terminalından 97 milyon barel neft və kondensat ixrac edilib

Bakı, 6 avqust, AZƏRTAC
Cari ilin ilk altı ayı ərzində Səngəçal terminalı təxminən 97 milyon barel neft və kondensat ixrac edib ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql olunub.
bp şirkətindən AZƏRTAC-a bildirilib ki, ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
Altı ay ərzində terminaldan, həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 611 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib.
Bundan əlavə, ilin birinci yarısında Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə işlər uğurla davam edib və layihə əsas tikinti mərhələsindən istismar sınaqları və işəsalınmaya hazırlıq mərhələsinə keçib.
Layihənin birinci mərhələsi üçün tələb olunan əsas avadanlıqların sahəyə çatdırılması artıq tamamlanmışdır və hazırda quraşdırma işləri plana uyğun irəliləməkdədir. 2026-cı ilin üçüncü rübünə nəzərdə tutulan dövlət elektrik şəbəkəsinə ilk qoşulmanı dəstəkləmək məqsədilə hazırda müfəssəl istismar sınaqlarının planlaşdırılması və həyata keçirilməsi davam edir. Bundan əvvəl isə layihənin istismar sınaqları və işəsalınma mərhələlərinə keçməyə hazır olduğunu təsdiq edən əsas əminlik yoxlamaları uğurla başa çatdırılmışdı.
Terminal ərazisindən kənarda yerləşən yeni “AzərEnerji” obyektlərinin tikintisi və istismar sınaqları əsasən tamamlanıb. Dövlət elektrik şəbəkəsi infrastrukturu ilə Səngəçal terminalındakı obyektlərin inteqrasiya olunmuş istismar sınaqlarının mərhələli işəsalınma proqramı əsasında həyata keçirilməsi planlaşdırılır.
Layihə üzrə işlərin iki mərhələdə - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonunadək başa çatacağı nəzərdə tutulur.
230 milyon dollar dəyərində STEL layihəsi terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa edilir.
STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə Günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” Günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, “Şəfəq” stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda “AzərEnerji”yə verəcək, “AzərEnerji” isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, “Şəfəq” və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

İqtisadiyyat 2026-08-06 13:07:00