


“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi Şərqlə Qərb arasında yeni enerji körpüsü formalaşdırır ŞƏRH
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycanın yaşıl enerji diplomatiyası və Qara dəniz vasitəsilə Avropaya elektrik enerjisinin ötürülməsini nəzərdə tutan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi olduqca mühüm bir regional enerji təşəbbüsüdür. Bu layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və Cənubi Qafqazın geostrateji əhəmiyyətinin artması baxımından mühüm siyasi və iqtisadi məzmun daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, son illərdə Avropa İttifaqının enerji siyasətində əsas prioritetlərdən biri etibarlı tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və enerji asılılığının azaldılmasıdır. Bu baxımdan, Azərbaycan artıq uzun illərdir ki, təbii qaz ixracı sahəsində etibarlı tərəfdaş statusunu qazanıb. İndi isə yaşıl enerji istiqamətində irəli sürülən təşəbbüslər ölkənin enerji əməkdaşlığını yeni mərhələyə çıxarır.
“Xəzər dənizinin yüksək külək enerjisi potensialı, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi, həmçinin günəş və külək elektrik stansiyalarına beynəlxalq investisiyaların cəlb edilməsi Azərbaycanın enerji strategiyasının artıq yalnız karbohidrogen resurslarına əsaslanmadığını nümayiş etdirir. Məhz bu kontekstdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında həyata keçirilən Qara dənizin dibi ilə elektrik kabeli layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə Xəzər hövzəsində istehsal ediləcək yaşıl elektrik enerjisinin Avropa bazarına birbaşa çatdırılmasına imkan verəcək. Bu isə Avropanın bərpaolunan enerji hədəflərinə töhfə verməklə yanaşı, yeni enerji marşrutlarının formalaşmasını sürətləndirəcək və enerji təchizatının dayanıqlığını artıracaq”, - ekspert vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, digər mühüm məqam Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə enerji əməkdaşlığının genişlənməsidir. Qazaxıstan və Özbəkistan kimi dövlətlərin də yaşıl enerji ixracında maraqlı olması Azərbaycanın tranzit və koordinasiya imkanlarını daha da artırır. Bu baxımdan ölkəmiz təkcə öz resurslarını deyil, bütövlükdə Xəzər hövzəsinin yaşıl enerji potensialını Avropa bazarına çıxaran əsas platformaya çevrilə bilər. Belə bir model Azərbaycanın geoiqtisadi çəkisini artırmaqla yanaşı, Şərqlə Qərb arasında yeni enerji körpüsünün formalaşmasına da xidmət edir.
R.Bayramov diqqətə çatdırıb ki, geosiyasi aspektdən yanaşdıqda, layihə Cənubi Qafqazın beynəlxalq əhəmiyyətini daha da yüksəldəcək. Enerji infrastrukturu üzərində qurulan əməkdaşlıq region ölkələri arasında qarşılıqlı iqtisadi asılılığı gücləndirir, Avropa İttifaqı ilə strateji tərəfdaşlığı dərinləşdirir və Azərbaycanın çoxtərəfli diplomatiyasına əlavə imkanlar yaradır. Yaşıl enerji sahəsində əməkdaşlıq eyni zamanda ölkənin iqlim gündəliyinə verdiyi töhfələri artırır və Azərbaycanın qlobal enerji keçidində fəal iştirakçı kimi mövqeyini möhkəmləndirir.
Siyasi şərhçi qeyd edib ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi Azərbaycanın enerji ixracatçısı olmaqla yanaşı, həm də regional enerji təhlükəsizliyinin təmin edilməsində strateji əlaqələndirici və etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək. “Bu təşəbbüs Avropa ilə Mərkəzi Asiya arasında yeni enerji bağlantısının əsas sütunlarından birinə çevrilə, Azərbaycanın enerji diplomatiyasını keyfiyyətcə yeni mərhələyə daşıya və ölkəni Avrasiyanın formalaşmaqda olan yaşıl enerji xəritəsinin əsas mərkəzlərindən biri kimi mövqeləndirə bilər. Bu baxımdan, layihənin iqtisadi nəticələri ilə yanaşı, onun geosiyasi və strateji əhəmiyyəti də uzunmüddətli perspektivdə daha qabarıq şəkildə özünü göstərəcək”, - deyə o əlavə edib.
Müxbir - Səbinə Əlizadə