×
A
A
A
Sazlamalar

İlin birinci yarısında “Azəri-Çıraq-Günəşli”dən Azərbaycan dövlətinə 2 milyard kubmetr səmt qazı verilib

Bakı, 6 avqust, AZƏRTAC
Cari ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib.
bp şirkətindən AZƏRTAC-a bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Bundan əlavə, ilin birinci yarısında AÇG-də sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatlarının başlanması ilə yataq ilk kommersiya qaz hasilatı əməliyyatları mərhələsinə keçib.
AÇG-də ilk STQ hasilatı əməliyyatları 2025-ci ildə qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, Qırmakıaltı Qumlu lay dəstində isə yüksəktəzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar edib.
İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı, həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.
Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndərilir ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.
STQ-dən əlavə, ilk hasilat quyusu Qırmakıaltı Qumlu lay dəstinin dibində, qaz və su laylarının arasında yerləşən neft halqası da aşkar edib. İlk neft halqası quyusu “Dərinsulu Günəşli” platformasından qazılmaq üçün planlaşdırılıb və qazma işləri may ayında başlanıb. Bu quyuda qazma əməliyyatlarının 2026-cı ilin ikinci yarısında başa çatacağı gözlənilir.
İlk neft halqası quyusundan, həmçinin əlavə qiymətləndirmə məlumatlarının əldə olunması da gözlənilir ki, bu da AÇG sahəsində gələcək işlənmə imkanlarının dəyərləndirilməsinə kömək edəcək.

İqtisadiyyat 2026-08-06 12:51:00