


TƏBİB: Azərbaycanda tibb işçilərinin paylanmasında regionlar üzrə ciddi fərqlər mövcuddur
Bakı, 6 avqust, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ölkə əhalisinin sağlamlıq ehtiyaclarının qarşılanması baxımından tabeliyindəki tibb müəssisələrində kadr təminatı, ştat vahidləri, struktur bölmələr və insan resurslarından istifadə vəziyyəti üzrə təhlillər davam etdirilir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq praktikada səhiyyə insan resurslarının planlaşdırılması yalnız ümumi say göstəricilərinə əsaslanmır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yanaşmalarında kadrların bölgüsü, xidmətlərə çıxış imkanları, faktiki iş yükü və səhiyyə xidmətlərinə olan tələbat əsas qiymətləndirmə meyarları hesab olunur.
Azərbaycanda tibb kadrları ilə təminat qənaətbəxş səviyyədə olsa da, tibb işçilərinin paylanmasında regionlar üzrə ciddi fərqlər mövcuddur. Əhalinin hər 1000 nəfərinə 7,81 nəfər həkim, tibb bacısı və mama düşür. Bu da ÜST tərəfindən müəyyən edilmiş hər 1000 nəfərə 4,45 göstəricisindən artıqdır.
“Bir Baxışda Sağlamlıq 2025 İƏİT Göstəriciləri” (Health at a Glance 2025 OECD Indicators) hesabatına əsasən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində rəhbərlər və digər heyət orta hesabla xəstəxana işçilərinin dörddə birini, yardımçı heyət isə (kiçik tibb işçiləri) orta hesabla xəstəxana işçilərinin 10 faizini təşkil edir.
Təqdim olunan göstəricilər insan resurslarının planlaşdırılması zamanı yalnız ümumi say göstəricilərinin deyil, həm də kadrların bölgüsünün, faktiki iş yükünün və səhiyyə xidmətlərinə olan tələbatın nəzərə alınmasının vacibliyini göstərir. Kadr təminatı və ştat strukturları üzrə müəyyən fərqlər həm regionlar arasında, həm də ayrı-ayrı ərazilər, o cümlədən Bakı və Sumqayıt şəhərləri üzrə müşahidə olunur.
Eyni zamanda, insan resurslarının daha səmərəli idarə olunması məqsədilə ayrı-ayrı əməkdaş kateqoriyaları üzrə peşə hazırlığı, bilik və bacarıqların qiymətləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdən keçirilir.
Optimallaşdırma ilə bağlı qərarlar Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun qaydada, mərhələli və əsaslandırılmış şəkildə qəbul edilir.
Həyata keçirilən tədbirlər maliyyələşmənin azaldılmasına deyil, ayrılan resursların daha səmərəli idarə olunmasına yönəlib. Bu yanaşma səhiyyə və icbari tibbi sığorta sisteminə ayrılan resursların vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəldilməsinə xidmət edir.
Müxbir - Günel Türksoy
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb