×
A
A
A
Sazlamalar

Uşaqların rəqəmsal təhlükəsizliyi strateji əhəmiyyətli məsələdir – ŞƏRH

Bakı, 6 avqust, AZƏRTAC
XXI əsrdə rəqəmsal texnologiyaların inkişafı dövlətlərin sosial, iqtisadi və mədəni həyatında əsas amillərdən birinə çevrilib. İnternet və sosial media platformaları informasiya əldə etmək, ünsiyyət qurmaq, təhsil almaq və ictimai proseslərdə iştirak etmək üçün geniş imkanlar yaratsa da, xüsusilə uşaqlar və yeniyetmələr üçün yeni risk və təhlükələr də formalaşdırıb. Bu səbəbdən son illərdə dünyanın bir çox ölkələrində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova söyləyib.
Onun sözlərinə görə, Azərbaycanda 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət tətbiq edilməsi, 16-18 yaşarası yeniyetmələrin isə valideyn razılığı ilə bu platformalardan istifadə etməsinin nəzərdə tutulması da məhz bu qlobal çağırışlara verilən adekvat və uzaqgörən cavabdır. Bu təşəbbüs ilk növbədə uşaqların hüquq və mənafelərinin qorunmasına, onların sağlam psixoloji inkişafının təmin edilməsinə və rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir: “Bu baxımdan məsələyə “sosial şəbəkələrə qadağa” kontekstində yanaşmaq doğru olmazdı: “Burada söhbət uşaqların informasiya məkanından təcrid edilməsindən deyil, onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasından və hüquqlarının daha etibarlı şəkildə müdafiəsindən gedir. Nəzərdə tutulan hüquqi mexanizmlərin əsas məqsədi sosial media platformalarında qeydiyyat zamanı yaşın yoxlanılması sisteminin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi və azyaşlıların zərərli informasiyadan qorunmasıdır. Əslində, bu yanaşma Azərbaycan cəmiyyəti üçün yeni deyil. Bu gün heç kim azyaşlılara siqaret, alkoqollu içkilər və ya soyuq silahların satışına tətbiq olunan məhdudiyyətləri hüquq pozuntusu kimi qiymətləndirmir. Həmçinin pornoqrafik və digər zərərli məzmunlara çıxışın məhdudlaşdırılması da dünyanın əksər ölkələrində qəbul edilmiş hüquqi praktikadır. Dövlətin əsas vəzifələrindən biri uşaqları onların fiziki, mənəvi və psixoloji inkişafına mənfi təsir göstərə biləcək amillərdən qorumaqdır. Rəqəmsal mühit həyatımızın ayrılmaz hissəsinə çevrildiyi üçün həmin qoruyucu mexanizmlərin sosial media platformalarına da şamil olunması tamamilə məntiqi və zəruri addımdır”.
Səbinə Salmanova qeyd edib ki, Azərbaycan bu istiqamətdə hüquqi bazanı sıfırdan formalaşdırmır: “Hələ 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun uşaqların yaş xüsusiyyətlərinə uyğun informasiya əldə etmək hüququnu təmin etməklə yanaşı, onların zərərli məzmundan müdafiəsinin hüquqi əsaslarını da müəyyən etmişdi. Hazırda müvafiq qanuna edilmiş dəyişikliklər həmin dövlət siyasətinin rəqəmsal platformalar müstəvisində inkişaf etdirilməsi və müasir reallıqlara uyğunlaşdırılması kimi qiymətləndirilməlidir. Diqqətçəkən məqamlardan biri də Azərbaycanın bu sahədə beynəlxalq təcrübəni nəzərə almasıdır. Maraqlıdır ki, region ölkələri də bu istiqamətdə fəal hüquqi tənzimləmə siyasəti həyata keçirməyə başlayıb. Bu isə onu göstərir ki, söhbət ayrı-ayrı dövlətlərin təşəbbüsündən deyil, qlobal xarakter daşıyan və bütün ölkələrin qarşılaşdığı ümumi problemin həllindən gedir”.
Deputat vurğulayıb ki, Azərbaycanın bu prosesdə aktiv iştirak etməsi və qabaqlayıcı hüquqi mexanizmlər formalaşdırması dövlətin gələcək nəslin inkişafına verdiyi önəmin göstəricisidir: “Qanunun qəbulundan sonra onun 12 ay müddətində qüvvəyə minməsinin nəzərdə tutulması da düşünülmüş və sistemli yanaşmanın təzahürüdür. Bu müddət ərzində yaşın müəyyənləşdirilməsi mexanizmlərinin tətbiqi, texniki həllərin hazırlanması, platformalarla əməkdaşlıq mexanizmlərinin qurulması, həmçinin valideynlər və ictimaiyyət arasında maarifləndirmə işlərinin həyata keçirilməsi planlaşdırılır. Bu gün uşaqların rəqəmsal təhlükəsizliyi artıq yalnız ailənin məsuliyyəti deyil. Bu, dövlətin, cəmiyyətin, təhsil sisteminin və rəqəmsal platformaların birgə məsuliyyət daşıdığı strateji əhəmiyyətli məsələyə çevrilib. Azərbaycanın bu istiqamətdə atdığı addım gələcək nəslin sağlam inkişafının təmin olunmasına, onların təhlükəsiz informasiya mühitində formalaşmasına və rəqəmsal dünyaya daha hazırlıqlı şəkildə inteqrasiyasına xidmət edir”.
Səbinə Salmanova bildirib ki, uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni hüquqi tənzimləmələr məhdudlaşdırıcı deyil, qoruyucu xarakter daşıyır: “Bu təşəbbüs müasir dövrün reallıqlarına uyğun, beynəlxalq təcrübəyə əsaslanan və gələcək nəslin mənafelərini prioritet hesab edən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir”.

2026-08-06 11:52:00