×
A
A
A
Sazlamalar

Maliyyə institutlarının korporativ idarəetmə standartlarına dəyişikliklər təsdiqlənib

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə institutlarında etik davranış standartlarının təkmilləşdirilməsi, istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsi, o cümlədən istehlakçıların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi istiqamətində normativ bazanın təkmilləşdirilməsini davam etdirir.
AMB-dən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Mərkəzi Bankın İdarə Heyətinin 07.07.2026-cı il tarixli 30/2 nömrəli Qərarı ilə “Banklarda korporativ idarəetmə Standartları”, “Sığortaçılarda korporativ idarəetmə Standartları”, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları” və “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nda dəyişikliklər təsdiq edilib.
Dəyişikliklərə əsasən, maliyyə institutlarında müştəri şikayətlərinə baxılması üzrə müstəqil funksiyanın yaradılması nəzərdə tutulur. Bu funksiya maliyyə institutunun fəaliyyət miqyasına uyğun olaraq ayrıca struktur bölmə və ya məsul şəxs tərəfindən icra oluna bilər. Sözügedən dəyişikliyin məqsədi müştəri hüquqlarının qorunması, şikayətlərin qanunvericiliyə uyğun, obyektiv və operativ araşdırılması, şikayətlər üzrə uçot və təhlillərin aparılması, habelə müştəri müraciətləri əsasında daxili proseslərin təkmilləşdirilməsidir. Maliyyə institutları bu funksiyanın effektiv fəaliyyəti üçün zəruri resursları, məlumatlara çıxış imkanlarını və əməkdaşların mütəmadi inkişaf fəaliyyətlərinə cəlb edilməsini təmin etməlidirlər.
Bundan əlavə dəyişikliklər çərçivəsində maliyyə institutlarında etik davranış qaydalarının əhatə dairəsi genişləndirilir və onlara nəzarət mexanizmləri gücləndirilir. Belə ki, etik davranış qaydaları maliyyə institutunun rəhbər və işçi heyəti üçün davranış standartlarını, reputasiya risklərinin qarşısının alınmasını, maraqlar münaqişəsinin idarə edilməsini, şəffaflıq, dürüstlük, müştərilərlə ədalətli rəftar və digər vacib prinsipləri əhatə etməlidir.
Dəyişikliklər istehlakçıların hüquqlarının qorunması səviyyəsinin, maliyyə institutlarında etik davranış prinsiplərinin, müştəriyönümlü yanaşmanın, həmçinin maliyyə sektoruna ictimai etimadın artırılmasına töhfə verəcək.
Dəyişikliklər 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.
Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür:
https://e-qanun.az/framework/62330

 

İqtisadiyyat 2026-08-06 10:56:00