×
A
A
A
Sazlamalar

Qubada yol qəzasında yaralananların vəziyyəti açıqlanıb, 2 nəfər reanimasiyadadır – YENİLƏNİB VİDEO

Quba, 6 avqust, AZƏRTAC
Quba rayonunda baş verən zəncirvari qəzada yaralananların vəziyyəti açıqlanıb.
Quba Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Pirvahid kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 5 nəfər (2 kişi, 2 qadın, 1 uşaq) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qabırğa sınıqları, baş-beyin silkələnməsi, açıq kəllə-beyin travması və komatoz vəziyyət diaqnozları təyin edilib.1973-cü il təvəllüdlü (kişi) və 2021-ci il təvəllüdlü azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır qiymətləndirilir.
Digər 3 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

10:45

Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı–Quba avtomobil yolunun Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı "Shacman" markalı yük avtomobili "KİA" və "Toyota Prius" markalı minik avtomobilləri ilə toqquşub.
İlkin məlumata görə, zəncirvari qəzada 1-i uşaq olmaqla, 5 nəfər xəsarət alıb.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Müxbir - Elxan Yusifli

Regionlar 2026-08-06 12:57:00

Video