×
A
A
A
Sazlamalar

On üç ölkənin 32 universitetindən qəbul alan məktəb məzunu: Ən böyük sərmayə insanın öz üzərində işləməsidir

Bakı, 6 avqust, AZƏRTAC
Bu il orta məktəbi uğurla başa vuran Bahar Mustafazadə beynəlxalq ali təhsil sahəsində mühüm uğura imza atıb. O, 13 ölkənin 32 universitetindən qəbul alıb, 9 universitetdən müxtəlif təqaüdlər qazanıb. Məktəb illərində yalnız akademik göstəriciləri ilə deyil, beynəlxalq müsabiqələrdə əldə etdiyi nailiyyətlərlə də fərqlənən Bahar “ITECX College” layihəsinin regional mərhələsində startap və robot texnologiyaları üzrə 6 fərqli layihə ilə iştirak edərək 4 birincilik və 2 “Jury Award” mükafatı qazanıb. Daha sonra İtaliyanın Roma şəhərində keçirilmiş “ITECX 2025 Congress”də və “ITECX College Congress”in beynəlxalq final mərhələsində layihəsi ilə 18 ölkə arasında birinci yerə layiq görülüb, həmçinin “Best Presentation” və “Best Idea” nominasiyalarının qalibi olub. O, ötən il ABŞ-də BMT modeli üzrə “Change the World Model United Nations” (CWMUN - “Dünyanı Dəyiş” BMT Modeli) konfransında və yay məktəbi proqramlarında iştirak edərək Azərbaycanı təmsil edib. Bahar Mustafazadə AZƏRTAC-a müsahibəsində məktəb illərində qazandığı beynəlxalq uğurlardan, həmçinin xarici universitetlərə qəbul prosesindən və planlarından danışıb.
– Orta məktəbi yeni başa vurmusunuz. Bu yaşda 13 ölkənin 32 universitetindən qəbul almaq və 9 universitetdən təqaüd qazanmaq necə bir hissdir?
– Əlbəttə ki, bunun üçün uzun müddət sistemli şəkildə hazırlaşmışdım. Özümə inanırdım, amma nəticənin bu qədər uğurlu olacağını gözləmirdim. Universitetlərdən ardıcıl qəbul məktubları gələndə əməyimin bəhrəsini gördüyümü hiss etdim. Bu, mənim üçün təkcə sevinc deyil, həm də daha böyük məsuliyyət deməkdir. Düşünürəm ki, hər bir uğur insanın öz üzərində uzunmüddətli və ardıcıl çalışmasının nəticəsidir.
– Bu uğurun arxasında necə bir hazırlıq dayanır? Universitetlər sizi hansı göstəricilərinizə görə seçdilər?
– Hazırlığım yalnız yüksək qiymətlərdən ibarət olmayıb. SAT imtahanından 1510 bal toplamışam, ingilis dili üzrə biliklərimi inkişaf etdirmişəm. “Marsol Academy”də sahibkarlıq, liderlik, layihələrin idarə olunması və tənqidi düşüncə istiqamətlərində təhsil almışam. Müxtəlif beynəlxalq yarışlarda, olimpiadalarda və sosial layihələrdə iştirak etmişəm. Universitetlər namizədin yalnız akademik nəticələrinə deyil, həm də liderlik bacarıqlarına, təşəbbüskarlığına, sosial fəallığına və beynəlxalq təcrübəsinə diqqət yetirirlər. Mən də müraciət prosesində bu istiqamətlər üzrə özümü inkişaf etdirməyə çalışmışam.

– Siz ötən il ABŞ-də konfransda Azərbaycanı təmsil etmisiniz, daha sonra isə İtaliyada keçirilmiş beynəlxalq müsabiqədə biznes layihənizlə birinci yer qazanmısınız. Bu beynəlxalq təcrübələr sizə nə qazandırdı?
– ABŞ-də BMT-nin “Best Diplomat” layihəsində və yay məktəblərində iştirak etdim. Bu proqramlar mənə fərqli ölkələrdən olan gənclərlə işləmək, liderlik, diplomatiya və ünsiyyət bacarıqlarımı inkişaf etdirmək imkanı verdi. Daha sonra Romada keçirilmiş “ITECX 2025 Congress” və “ITECX College Congress”də biznes layihəmizlə 18 ölkə arasında birinci yerə layiq görülməyimiz isə həyatımın ən unudulmaz anlarından biri oldu. Azərbaycan bayrağının qaliblər sırasında dalğalanmasını görmək qürur hissi idi. Bütün bu təcrübələr universitet müraciətlərimdə də mənə üstünlük qazandırdı.
– Qəbul təklifi aldığınız universitetlər arasında seçim etmək yəqin ki, asan deyil. Hansı universitetə üstünlük verirsiniz ?
– Qəbul təklifi aldığım universitetlərin hər biri mənim üçün xüsusi dəyər daşıyır. Xüsusilə ABŞ-nin Pensilvaniya Universiteti, Böyük Britaniyanın Mançester Universiteti, Finlandiyanın Aalto Universiteti, Türkiyənin Koç Universiteti və Sabancı Universiteti akademik səviyyəsi və təqdim etdiyi imkanlarla diqqətimi cəlb edib. Hazırda seçimimi əsasən Finlandiyanın Aalto Universiteti üzərində dəyərləndirirəm. Bu ali təhsil müəssisəsindən beynəlxalq biznes, iqtisadiyyat və biznesin idarə edilməsi istiqamətləri üzrə təhsil almaq imkanı əldə etmişəm. Aalto Universiteti innovasiya, texnologiya və sahibkarlıq sahələrində formalaşdırdığı güclü ekosistem, beynəlxalq tələbə mühiti və biznes dünyası ilə sıx əməkdaşlığı baxımından tanınır. Məhz bu imkanlar gələcək hədəflərimlə üst-üstə düşdüyü üçün seçimimi bu universitet üzərində cəmləşdirirəm. Hesab edirəm ki, burada əldə edəcəyim bilik və təcrübə həm peşəkar, həm də şəxsi inkişafım baxımından mənə geniş perspektivlər açacaq.
– Xaricdə təhsil almağı qarşısına məqsəd qoyan məktəblilərə və abituriyentlərə nə tövsiyə edərdiniz?
– İlk növbədə, özlərinə inanmağı tövsiyə edərdim. Xaricdə təhsil almaq yalnız yüksək qiymətlərdən ibarət deyil. Sosial layihələrdə iştirak etmək, beynəlxalq yarışlarda özünü sınamaq, liderlik bacarıqlarını inkişaf etdirmək və daim öyrənməyə açıq olmaq çox vacibdir. Uğur qazanmayanda ruhdan düşməmək, daha əzmlə çalışmaq lazımdır. Çünki hər uğurun arxasında böyük zəhmət, səbir və özünəinam dayanır. Ən böyük sərmayə insanın öz üzərində işləməsi və daim özünü inkişaf etdirməsidir.

Müxbir – Nərmin Muradzadə

Elm və təhsil 2026-08-06 10:29:00