


Orxan Nəzərli: Süni intellekt vergi inzibatçılığında da böyük potensiala malikdir EKSKLÜZİV VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
Süni intellekt bu gün bütün sahələrdə olduğu kimi, vergi inzibatçılığında da böyük potensiala malikdir. Biz artıq bu imkanlardan istifadə edirik və paralel olaraq yeni layihələr üzərində çalışırıq.
Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli AZƏRTAC-a və REAL Televiziyasına müsahibəsi zamanı deyib.
“ƏDV geri al” layihəsi çərçivəsində indiyədək vətəndaşlara təxminən 1 milyard manat vəsait geri qaytarılıb. Hazırda süni intellektin tətbiqi imkanlarını araşdırdığımız istiqamətlərdən biri də məhz “ƏDV geri al” prosesinin vergi orqanı tərəfindən daha sürətli və effektiv emal edilməsidir. Digər rəqəmsal həllər sırasında “Təqib və izləmə” sistemini də qeyd etmək olar. Bu sistem aksizli və markalanmalı məhsulların istehsaldan və ya idxaldan başlayaraq istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə hərəkətinin izlənilməsinə imkan verir. Bu isə həmin sahədə şəffaflığın artırılmasına və vergi daxilolmalarının yüksəlməsinə xidmət edir. Elektron ticarət həyata keçirən qeyri-rezidentlərin elektron qaydada vergi uçotuna alınması da rəqəmsal həllərin tətbiqinə nümunədir. Ötən ildən başlayan bu proses çərçivəsində artıq 11 qeyri-rezident vergiödəyicisi qeydiyyata alınıb və 15 milyon manatdan çox vəsait dövlət büdcəsinə daxil olub. Düşünürük ki, cari ildə bu göstəricilər daha yüksək olacaq”, - deyə Orxan Nəzərli əlavə edib.
Vergi Xidmətinin rəisi deyib ki, vergi sahəsində daha çox vergi boşluğunun qiymətləndirilməsi aparılır: “Son beş il ərzində bu göstəricinin təxminən 20 faizdən 7-8 faizədək azaldığını müşahidə edirik. Hazırda həmin göstəricinin 7 faiz səviyyəsinə enməsi müsbət nəticədir. Düşünürəm ki, “ƏDV geri al” layihəsinin də bu istiqamətdə mühüm rolu olub”.
Orxan Nəzərli vurğulayıb ki, daşınmaz əmlak bazarında investisiyaların təşviqi, bu sahədə aktivliyin artırılması və bazarın daha şəffaf formalaşdırılması məqsədilə vergi yükünün optimallaşdırılması imkanları da nəzərdən keçirilir: “Ortamüddətli dövrdə əsas yanaşmamız xidmətlərin sadələşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, hüquqi müəyyənliyin artırılması, preventiv məlumatlandırma və risklərin əvvəlcədən idarə olunması prinsiplərinə əsaslanacaq”.
Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib