


ADPU-nun Şamaxı filialının direktoru: Süni intellekt müəllimin fəaliyyətini daha səmərəli təşkil etmək üçün bir vasitədir
Şamaxı, 5 avqust, AZƏRTAC
Müəllim cəmiyyətin gələcəyini formalaşdıran əsas simalardan biridir. Bu gün isə təhsil sistemi yeni çağırışlarla – rəqəmsallaşma, süni intellekt və əmək bazarının dəyişən tələbləri ilə üz-üzədir. Belə bir dövrdə gələcəyin müəllimləri necə hazırlanır, gənclərin müəllimlik peşəsinə marağı hansı səviyyədədir və regionlarda pedaqoji təhsilin inkişafı üçün hansı addımlar atılır?
Dağlıq Şirvan iqtisadi rayonunda ali pedaqoji təhsil verən yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bu və digər sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
– Son illər müəllimliklə bağlı ixtisaslara marağın azalması ilə bağlı fikirlər səslənir. Şamaxı filialında vəziyyət necədir?
– Müəllimlik peşəsinə maraq cəmiyyətin inkişafı ilə birbaşa bağlı olan məsələdir və zaman-zaman bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki, bu məsələyə ümumi yanaşmaq düzgün olmaz. Əgər məhz Şamaxı filialından danışırıqsa, müşahidələrimiz göstərir ki, bəzən müəllimlik ixtisasını seçərək filialımıza ilk dəfə gələn abituriyentlərdə müəyyən tərəddüdlər olur. Bu, daha çox peşənin məsuliyyəti, gələcək karyera imkanları və özlərini bu sahədə necə reallaşdıracaqları ilə bağlı düşüncələrdən irəli gəlir. Lakin təhsil aldıqları müddətdə, eyni zamanda, qazandıqları bilik və bacarıqları pedaqoji təcrübədə tətbiq etdikcə, bu tərəddüdlər böyük ölçüdə aradan qalxır. Şagirdlərlə birbaşa işləyərkən anlayırlar ki, müəllimlik sadəcə bilik ötürmək deyil, həm də şəxsiyyət formalaşdırmaq, gələcək nəslin yetişməsinə töhfə vermək kimi böyük və məsuliyyətli missiyadır. Müəllimlik ixtisaslarına qəbulun nəticələri də göstərir ki, Şamaxı filialı bu sahədə müsbət imicini qoruyub saxlaya bilir.
– Filiala qəbul olunan tələbələrin bilik səviyyəsi sizi qane edirmi?
– Bəli, filiala qəbul olan tələbələrin bilik səviyyəsi bizi qane edir və bu istiqamətdə hər il müsbət dinamika müşahidə olunur. Son illərin qəbul göstəriciləri Şamaxı filialına yüksək balla qəbul olunan abituriyentlərin sayının artdığını göstərir. Ötən il qəbul olunan tələbələr arasında 350–450 bal intervalında nəticə göstərənlər əsas hissəni təşkil edirdi.
Bundan əlavə, son illər 600-dən yuxarı bal toplayaraq məhz ADPU-nun Şamaxı filialını seçən tələbələrimiz var. Bu, bizim üçün olduqca sevindirici göstəricidir. Xüsusilə, Şamaxı və ətraf rayonlardan olan gənclərin filialımıza göstərdiyi etimad ildən-ilə daha da möhkəmlənir. Qeyd edim ki, 600-dən artıq bal toplayaraq filialı seçən tələbələrimiz məhz Şamaxı rayonunun ümumi təhsil məktəblərinin məzunlarıdırlar. Bu etimadın əsasında tədrisin keyfiyyəti, peşəkar professor-müəllim heyəti, tələbəyönümlü təhsil mühiti və məzunlarımızın uğurları dayanır.

– Süni intellektin sürətlə inkişaf etdiyi bir vaxtda müəllim peşəsinin gələcəyini necə görürsünüz?
– Süni intellektin sürətlə inkişafı təhsil sistemində də yeni imkanlar yaradır və bu texnologiyalar artıq tədris prosesinin ayrılmaz hissəsinə çevrilməkdədir. Bu proses müəllimdən yeni bilik və bacarıqlara yiyələnməyi, rəqəmsal alətlərdən səmərəli istifadə etməyi və tədris metodlarını müasir tələblərə uyğunlaşdırmağı tələb edir. Lakin hesab edirəm ki, süni intellekt müəllimi əvəz etmək üçün deyil, onun fəaliyyətini daha səmərəli təşkil etmək üçün bir vasitədir. Heç bir texnologiya müəllimin şagirdlə qurduğu emosional əlaqəni - motivasiya vermək, dəyərləri aşılamaq, fərdi yanaşma göstərmək və şəxsiyyət formalaşdırmaq missiyasını əvəz edə bilməz.
Biz gələcəyin müəllimini süni intellektdən qorxmayan, əksinə, ondan tədris prosesinin keyfiyyətini artıran köməkçi vasitə kimi istifadə edən müəllim kimi görürük. Tələbələrimizi də məhz bu yanaşma ilə hazırlayır, onları həm rəqəmsal bacarıqlarla, həm də güclü peşəkar və humanist dəyərlərlə yetişdirməyə çalışırıq.
– Müasir dövrdə müəllimlərin hazırlanmasında ən böyük çətinlik nədir?
– Müasir dövrdə müəllim hazırlığında ən mühüm çağırış sürətlə dəyişən təhsil məzmununa, rəqəmsal transformasiyaya və əmək bazarının yeni tələblərinə uyğunlaşmaqdır. Bu gün müəllimdən yalnız öz fənnini bilməsi deyil, eyni zamanda, rəqəmsal texnologiyalardan səmərəli istifadə etməsi, tənqidi və yaradıcı düşüncəni təşviq etməsi, kommunikasiya və əməkdaşlıq bacarıqlarına malik olması gözlənilir.
Hesab edirəm ki, ADPU-nun Şamaxı filialı bu çağırışların öhdəsindən uğurla gəlir. Tədris prosesində müasir pedaqoji yanaşmalar və innovativ təlim metodları tətbiq olunur, tələbələrimiz pedaqoji təcrübə vasitəsilə nəzəri biliklərini real məktəb mühitində möhkəmləndirirlər. Eyni zamanda, Karyera Mərkəzinin həyata keçirdiyi təlimlər, seminarlar və peşəkar inkişaf proqramları sayəsində tələbələr XXI əsr bacarıqlarını inkişaf etdirir, əmək bazarının tələblərinə uyğun kompetensiyalar qazanırlar. Məqsədimiz yalnız diplom verən deyil, dəyişən dövrün tələblərinə cavab verən, innovativ düşünən, peşəsinə sevgi ilə yanaşan və cəmiyyətə faydalı müəllimlər yetişdirməkdir.

– Bu təhsil müəssisəsində qarşıdakı illərdə hansı yeni ixtisasların açılması nəzərdə tutulur?
– “ADPU Şamaxı – 2030” Strateji İnkişaf Planından irəli gələrək filialımızda yeni ixtisasların açılması istiqamətində məqsədyönlü işlər aparılır. Bu proses əmək bazarının tələbləri, regionun sosial-iqtisadi inkişaf prioritetləri və gələcək kadr ehtiyacları nəzərə alınmaqla həyata keçirilir.
Hazırda Sosial iş, Xüsusi pedaqogika və Tibb bacısı (qardaşı) işi ixtisaslarının açılması üzrə hazırlıq işləri davam etdirilir. Bu istiqamətdə təhsil proqramları hazırlanır, aidiyyəti dövlət qurumları və sosial tərəfdaşlarla əməkdaşlıq edilir, müvafiq razılaşdırma prosedurları həyata keçirilir.
– Əgər bu gün yenidən tələbə olsaydınız, hansı ixtisası seçərdiniz?
– Heç düşünmədən yenə də müəllimlik ixtisasını seçərdim. Çünki bu ixtisas mənə, sadəcə, diplom və ya vəzifə deyil, mənalı bir həyat yolu bəxş edib.
İstər ucqar kənd məktəbində müəllim kimi fəaliyyətə başladığım günlərdə, istər Azərbaycan Müəllimlər İnstitutunda müəllim, daha sonra prorektor kimi çalışdığım illərdə, istərsə də bu gün ADPU-nun Şamaxı filialının direktoru kimi fəaliyyət göstərərkən gördüyüm hər bir işin mərkəzində müəllimlik peşəsinə bağlılıq dayanıb. Gənclərin arzularına yol açmaq, onların uğurlarına şahid olmaq mənim üçün hər zaman ən böyük mənəvi qazanc olub. Bu imkanı mənə verən isə məhz müəllimlik peşəsidir.
Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb
İmişlidə traktorun altında qalan uşaq ölüb
Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO