×
A
A
A
Sazlamalar

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra da aktualdırmı? – ŞƏRH

Bakı, 5 avqust, AZƏRTAC

Adam Smitin iqtisadi elmin əsasını qoyan məşhur “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” əsərinin nəşrindən 250 il keçir.
İki əsr yarım əvvəl Smit ölkələrin necə varlandığını izah etməyə çalışırdı. Onun əsas fikirləri sadə idi: sərvətin mənbəyi yalnız qızıl və ya pul ehtiyatı deyil. Əsas məsələ cəmiyyətin nə qədər məhsuldar işləməsi, əmək bölgüsünün necə qurulması, kapitalın necə istifadə olunması və bazarın nə qədər səmərəli fəaliyyət göstərməsidir. Bu prinsiplər bu gün də qüvvədədir. Lakin rəqəmsal iqtisadiyyat onların işləmə formasını ciddi şəkildə dəyişdirib. Ənənəvi iqtisadiyyatda istehsalın əsas amilləri əmək, torpaq və kapital hesab edilirdi. Müasir iqtisadiyyatda isə bu üç amildən heç biri artıq təmiz formada fəaliyyət göstərmir. Bu gün həm rəqəmsal, həm də ənənəvi biznes məlumat, texnologiya və infrastruktur olmadan rəqabətqabiliyyətli ola bilmir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib.
Deputat qeyd edib ki, sənaye iqtisadiyyatında əsas kapital zavod, avadanlıq və maliyyə resursları hesab olunurdusa, bu gün məlumat yeni iqtisadi kapitala çevrilib : “Lakin məlumat yalnız alqoritmlər, müasir texnologiyalar və hesablama gücü vasitəsilə emal olunaraq iqtisadi dövriyyəyə daxil edildikdə iqtisadi dəyər yaradır. Rəqəmsal platformalar artıq sadəcə şirkət deyil, bazarın özünü formalaşdıran institutlara çevrilib. Onlar bazara çıxışı, alıcı ilə satıcının əlaqəsini, ödənişləri, görünürlüyü və bəzi hallarda qiymətlərin formalaşmasını müəyyən edir. Beləliklə, iqtisadi dəyər təkcə istehsaldan deyil, həm də əlaqələndirmə və koordinasiyadan yaranır.
Bununla yanaşı, məlumat və alqoritmlərə nəzarət yeni iqtisadi üstünlük – alqoritmik renta formalaşdırır. Buna görə də əsas suallar artıq yalnız kapitalın kimə məxsus olması ilə bağlı deyil. Məlumatın sahibi, alqoritmlərə nəzarət və yaradılan iqtisadi dəyərin necə bölüşdürülməsi rəqəmsal dövrün əsas iqtisadi məsələlərinə çevrilir.
Bütün bunlar Adam Smitin nəzəriyyəsinin aktuallığını itirdiyini deyil, əksinə, rəqəmsal dövrdə yeni məzmun qazandığını göstərir. Məhsuldarlıq, rəqabət və ixtisaslaşma yenə də iqtisadi inkişafın əsasını təşkil edir. Sadəcə, iqtisadi üstünlüyün əsas suallarından biri artıq resursları, məlumatı, texnologiyanı və bazarları necə daha səmərəli əlaqələndirməkdir”.
Tahir Mirkişili vurğulayıb ki, rəqəmsal iqtisadiyyat tamamilə yeni iqtisadi model deyil. Ənənəvi iqtisadi qanunlar qüvvədə qalır, sadəcə istehsal amillərinin forması və qarşılıqlı əlaqəsi dəyişir. Əmək, torpaq və kapital üçlüyü məlumat, texnologiya və infrastrukturla genişlənir, əlaqələndirmə isə ayrıca iqtisadi amilə çevrilir. Yeni iqtisadiyyatın düsturu resurslar, texnologiya, məlumat və əlaqələndirmə qabiliyyətinin vəhdətinə əsaslanır.
Onun sözlərinə görə, dövlətin əsas vəzifəsi innovasiyaları təşviq etməklə yanaşı, bazara giriş imkanlarını açıq saxlamaq, rəqabəti qorumaq və məlumat üzərində hüquqların ədalətli şəkildə tənzimlənməsini təmin etməkdir.
Deputat vurğulayıb ki, XXI əsrdə iqtisadi üstünlük artıq yalnız kapitala və ya təbii sərvətlərə sahib olmaqla müəyyənləşmir. Keyfiyyətli məlumat, hesablama gücü, süni intellekt, qlobal rəqəmsal platformalar və rəqəmsal bazarlara çıxış imkanları ölkələrin rəqabət qabiliyyətinin əsas göstəricilərinə çevrilir.
Gələcəkdə dövlətlər arasında fərq təkcə enerji ehtiyatları və ya ucuz əmək qüvvəsi ilə deyil, kimin daha çox məlumat yaratması, onu emal etməsi, texnologiya qurması və rəqəmsal infrastruktura nəzarət etməsi ilə müəyyən olunacaq. Bu baxımdan Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya, innovasiya və süni intellekt sahəsində dövlət siyasəti ölkənin iqtisadi suverenliyinin möhkəmlənməsinə xidmət edir.
Deputat əlavə edib ki, ölkənin məqsədi rəqəmsal iqtisadiyyatda yalnız xarici platformaların istifadəçisi olmaq deyil, öz məlumat infrastrukturu, hesablama gücü, süni intellekt kompetensiyaları, rəqəmsal platformaları və regional texnoloji ekosistemini formalaşdırmaqdır. Onun fikrincə, regional bağlantıların gücləndirilməsi, Orta Dəhlizin rəqəmsallaşdırılması, innovasiya və rəqəmsal infrastrukturun inkişafı Azərbaycanın gələcəyin iqtisadi reallıqlarına daha hazırlıqlı olmasına və iqtisadi suverenliyinin güclənməsinə imkan verəcək.

 

2026-08-05 19:04:00