×
A
A
A
Sazlamalar

Gürcüstan və Böyük Britaniya rəsmiləri regional təhlükəsizlik və Orta Dəhlizlə bağlı fikir mübadiləsi aparıblar

Tbilisi, 5 avqust, AZƏRTAC

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin Mərkəzi Asiya və Şərq Qonşuluğu üzrə direktor müavini Mark Kleytonla görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb.
Bildirilib ki, görüşdə Gürcüstan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər, parlamentlərarası əməkdaşlıq və tərəfdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.
Tərəflər regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər. Söhbət zamanı Ukraynada davam edən müharibənin regiona təsiri, Cənubi Qafqazdakı mövcud vəziyyət və bölgədə baş verən geosiyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Orta Dəhliz layihəsi də müzakirə olunub və onun Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin inkişafı baxımından strateji əhəmiyyəti qeyd edilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2026-08-05 19:00:00