


Azərbaycan və Belarus alimləri kimya sahəsində əməkdaşlığı genişləndirirlər
Bakı, 5 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Fiziki-Üzvi Kimya İnstitutu arasında onlayn görüş təşkil olunub.
Bu barədə AZƏRTAC-a Kimya İnstitutundan bildirilib.
Bildirilib ki, görüşdə Kimya İnstitutunun direktor vəzifəsini icra edən professor Əfsun Sucayev Belarusun Azərbaycanın strateji tərəfdaşı və dost ölkəsi olduğunu vurğulayaraq, institutun Belarusun elmi müəssisələri ilə əməkdaşlığının inkişafına xüsusi önəm verdiyini bildirib. Qeyd edib ki, institutda hidrogen energetikası, funksional və kompozit materiallar, bioüzvi kimya və digər müasir istiqamətlər üzrə yeni elmi proqramlar formalaşdırılır. Əsas tədqiqat istiqamətlərinə yeni funksional materialların hazırlanması, nanokatalizatorlar, nanokompozitlər, nanogillər, molekulyar sistemlər, fotoelektrokimyəvi proseslər, alternativ enerji texnologiyaları, elektron modelləşdirmə, yüksək səmərəli katalitik sistemlərin və funksional adsorbentlərin yaradılması, həmçinin süni intellekt metodlarından istifadə etməklə mürəkkəb kimyəvi proseslərin modelləşdirilməsi daxildir. Professor iki institut arasında birgə aparılacaq elmi tədqiqatların və birgə fəaliyyət istiqamətləri özündə əks etdirən memorandumun hazırlanması üçün işçi qruplarının yaradılmasını təklif edib.
Daha sonra Belarus Milli Elmlər Akademiyasının Fiziki-Üzvi Kimya İnstitutunun direktoru, akademik Aleksandr Bildyukeviç görüşün iki institut arasında əməkdaşlığın başlanması baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. O, əməkdaşlığın sistemli şəkildə qurulması məqsədilə ilkin mərhələdə hər iki tərəfin elmi fəaliyyəti və tədqiqat istiqamətlərini əks etdirən təqdimat və məlumatların qarşılıqlı mübadiləsinin həyata keçirilməsini təklif edib. Akademik bildirib ki, bu materiallar əsasında institutların alimləri birgə tədqiqatların aparılması, ortaq layihələrin hazırlanması və beynəlxalq qrant müsabiqələrində birgə iştirak imkanlarını qiymətləndirə bilərlər.
Aleksandr Bildyukeviç, həmçinin sentyabr ayında növbəti onlayn görüşün keçirilməsini və həmin görüşdə əməkdaşlığın konkret istiqamətlərinin müzakirə olunmasını təklif edib.
Görüşdə Kimya İnstitutunun Beynəlxalq əlaqələr sektorunun əməkdaşı, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Araz Dövlətov institutda gənc tədqiqatçıların elmi inkişafının dəstəklənməsinə xüsusi diqqət yetirildiyini bildirib. O, iki institut arasında birgə elmi seminarların və konfransların təşkili, elmi təcrübə mübadiləsinin həyata keçirilməsi, eləcə də gənc tədqiqatçıların bilik və bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərin əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Görüşün sonunda tərəflər elmi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın gələcək inkişafı istiqamətində fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.
MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır
2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək
Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir